Gimnastlarımız Slovakiyadakı beynəlxalq turnirdə yeddi medal qazanıblar - FOTO

28 Sentyabr 2026 13:03
82
Gimnastlarımız Slovakiyadakı beynəlxalq turnirdə yeddi medal qazanıblar - FOTO

Azərbaycan gimnastları Slovakiyanın Bratislava şəhərində keçirilən “Slovak Trampoline Open Cup” beynəlxalq turnirində yeddi medal qazanıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası (AGF) məlumat yayıb.

Bildirilib ki, sentyabrın 25-dən 28-dək gerçəkləşən yarışda Əli Niftəliyev ilə İbrahim Mustafazadə sinxron proqramda 39.600 xalla qızıl medala sahib olublar. İkili mini-batut turnirində Çingiz Vəliyev 49.300 xalla, Vəfa Əlisultanova isə 44.000 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fərdi proqramda İbrahim Mustafazadə (51.710 xal) və Fərhad Vəliyev (51.800 xal) gümüş mükafatın sahibi olublar.

Əli Niftəliyev fərdi çıxışda (51.499 xal), Fərhad Vəliyev isə ikili mini-batutda (46.000 xal) bürünc medala yiyələniblər.

İdman.Biz