Yığmamızın baş məşqçisi: “Səhvlər bu cür gərgin oyunlarda üzə çıxır”

Xəbərlər
27 Noyabr 2023 11:09
203
Yığmamızın baş məşqçisi: “Səhvlər bu cür gərgin oyunlarda üzə çıxır”

“Bu cür oyunlar gənc futzalçılara təcrübə qazanmaq baxımından çox vacibdir. Belə turnirlər tez-tez təşkil olunmalı və iştirak etməliyik”.

İdman.biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin (U-19) baş məşqçisi İlqar Aslanov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı beynəlxalq turnirdə Belarusa məğlubiyyəti şərh edərkən deyib.

Mütəxəssis bildirib ki, bu rəqiblə avqustda Minskdə də qarşılaşıblar və 1:7 hesabı ilə uduzublar: “Bu dəfə hesab sona yaxın 2:1 rəqibin xeyrinə olan zaman qapıçını meydan oyunçusu ilə əvəzlədik. Təəssüf ki, ani səhvimiz qolla nəticələndi və 1:3 hesabı ilə yenildik. Ancaq uşaqlarda özünəinam artıb, əvvəlki oyunla müqayisədə irəliyə doğru addım atdıqlarını görürük. Əlbəttə, narazı qaldığım məqamlar oldu. Xüsusilə də, texniki və xırda səhvlərə yol verdik ki, bunları aradan qaldırmalıyıq. Həmin səhvlər də bu cür gərgin oyunlarda üzə çıxır”.

Bəzi futzalçılarımızın daha inamlı təsir bağışladığını vurğulayan Aslanovun sözlərinə görə, bu, onların təcrübələrini artırmasından qaynaqlanır: “Qarşıda Mərakeş yığması ilə də oyunumuz var. Onlar daha güclü rəqibdir. Oyunlarına baxıb, müəyyən analizlər edəcəyik. Bu cür turnirlər təcrübə toplamaq, oyunçuların öz yaşıdlarıyla müqayisədə axsadığın məqamları üzə çıxartmaq baxımından çox əhəmiyyətlidir”.

Qeyd edək ki, U-19 turnir çərçivəsində millimiz sabah Mərakeşin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Bakı idman Sarayında keçiriləcək görüş saat 17:00-da başlayacaq.

İdman.biz