Klub səviyyəsində Yevgeni Kukseviçin fəaliyyəti uğurlu oldu, yəni nəticəmiz var idi. Lakin milli komandada rəsmi oyunlara çıxmasaq da, yoxlama görüşlərinin böyük faizində məğlubiyyətlə üzləşdik.
İdman.Biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın 41 yaşlı kapitanı və qapıçısı Emin Kürdov deyib.
Təcrübəli qapıçı sabiq baş məşqçinin fəaliyyətini və komandadan gedişini dəyərləndirib: “Yevgeni Kukseviç “Araz-Naxçıvan”la ölkə çempionu oldu, Çempionlar Liqasında iki mərhələ keçdi. Yəni klub səviyyəsində nəticəmiz var idi və uğurlu mütəxəssis kimi yadda qaldı. Milli komandaya gəlincə, rəsmi oyunlara çıxmasaq da, yoxlama matçlarında və İslam Həmrəyliyi Oyunlarında mübarizə apardıq. Yoxlama görüşlərində Danimarka üzərində qələbə qazansaq da, oyunların böyük faizində uduzduq. Qazaxıstanla son yoldaşlıq görüşündə yaxşı çıxış etdik, xüsusilə də gənclərdən razı qaldım. Onun gedişi ilə bağlı qərarı Azərbaycan Futzal Federasiyası verib. Bir kapitan kimi biz bu qərara hörmətlə yanaşmalıyıq. Amma ümumi baxanda pis təsir bağışlamadı. Şəxsi qənaətimcə, milli komandada yerli mütəxəssis çalışsa, daha yaxşı olar. Düzdür, indiyədək işləyən əcnəbi məşqçilərdən də narazı qalmamışıq, hər zaman onlardan nəsə öyrənməyə çalışmışıq”.
E.Kürdov İslamiadada qazanılan nəticənin səbəbini və milli komandanın gələcək planlarını da açıqlayıb:
“İslam Oyunlarında Kukseviç gənc və təcrübəsiz heyətə şans vermişdi. Həmin vaxt “Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı matçları İslamiada ilə üst-üstə düşürdü. Məşqçi şəxsən mənə bildirdi ki, zədə və sıx qrafik riskinə görə aparıcı oyunçuları Bakıda saxlayır, yarışa isə gəncləri aparır. Nəticə qazana bilməməyimizin əsas səbəbi bu idi. Bu yaxınlarda isə millinin 4 günlük təlim-məşq toplanışı baş tutdu və bütün əsas heyət bir yerdə idi. Artıq dünya çempionatının əsas mərhələsinə hazırlıqlara başlamışıq. Rəqiblərimiz Latviya və Çexiya yığmalarıdır. Çox çətin qrupa düşmüşük, lakin çəkinmirik və məqsədimiz uğurlu nəticə qazanmaqdır. Bakıdakı son məşqimizi AFFA-nın texniki direktoru Edmond Klaus da izlədi və hazırlıq prosesimizi yüksək qiymətləndirdi”.
