Futzalçı “Araz-Naxçıvan”ın şanslarını dəyərləndirdi

29 Oktyabr 2026 15:25
80
Futzalçı “Araz-Naxçıvan”ın şanslarını dəyərləndirdi

“Araz-Naxçıvan”ın futzalçısı Oktay Rüstəmli UEFA Çempionlar Liqasının əsas mərhələsində “Uypest”lə matçda het-trik etməsi və “Buba Mara” ilə qarşılaşmada qol vurmasına baxmayaraq, komandasının məğlub olması barədə danışıb.

İdman.Biz xəbər verir ki, hücumçu bu barədə Azərbaycan Futzal Federasiyasına açıqlamasında bildirib.

O.Rüstəmli Macarıstan təmsilçisi “Uypest”lə görüşün çətin keçdiyini, lakin komandasının qol imkanlarından səmərəli istifadə edərək qələbə qazandığını söyləyib:

“Uypest”lə oyun kifayət qədər maraqlı keçdi. Həm atmosfer, həm də komandaların nümayiş etdirdiyi oyun baxımından bunu deyirəm. Üstün tərəf biz idik, yaratdığımız qol epizodlarının da əksəriyyətini realizə etdik və yekunda qələbə qazandıq. Hesab da göstərir ki, Macarıstan çempionu ilə görüşümüz kifayət qədər çətin, gərgin keçdi.

Həmin matçda het-trik etdim və UEFA bayrağı altında keçirilən oyunda bunu aktivinə yazdırmağı hər bir futzalçıya arzulayıram. Düzdür, vacib olan komandanın uğur qazanmağıdır, vurduğum qollar da bunu əldə etməyimizə çox kömək oldu. Het-triki komanda yoldaşım da etsəydi, özüm qədər sevinərdim”.

Hücumçu “Buba Mara”ya məğlubiyyətdən təəssüfləndiyini bildirib və rəqibin qələbəni daha yaxşı dəyərləndirdiyi qol imkanları sayəsində qazandığını vurğulayıb:

“Buba Mara”ya məğlubiyyətə gəldikdə, “Uypest”lə matçdakından daha çox qol epizodu yaratmışdıq, təəssüf ki, cəmi 3-nü reallaşdıra bildik. Halbuki daha çox qol vurmalı idik. Rəqib bizdən üstün deyildi, sadəcə onlar imkanlarını düzgün qiymətləndirdilər. Qol vursam da, qələbə qazana bilmədiyimizə görə məyus oldum”.

O.Rüstəmli qrupdan növbəti mərhələyə yüksəlmək şanslarının davam etdiyini və son turun gərgin keçəcəyini qeyd edib:

“Şanslar davam edir. Turnir cədvəlinə baxsaq, hər bir komandanın lider olmaq şansının davam etdiyini görərik. Son turun oyunları bu baxımdan gərgin keçəcək. Təbii ki, çalışacağıq ki, 1/8 finala yüksələn komanda “Araz-Naxçıvan” olsun”.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsində Bosniya və Herseqovinanın “Buba Mara” klubuna 3:5 hesabı ilə məğlub olub.

İdman.Biz