Fərid Ələkbərov: “Udmuşuqsa, deməli, daha yaxşı oynamışıq”

27 Oktyabr 2026 19:27
117
Fərid Ələkbərov: “Udmuşuqsa, deməli, daha yaxşı oynamışıq”

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan”ın oynayan məşqçisi Fərid Ələkbərov UEFA Çempionlar Liqasının əsas mərhələsində Macarıstanın “Uypeşt” klubu üzərində qazanılan 5:4 hesablı qələbəni dəyərləndirib.

İdman.Biz xəbər verir ki, Ələkbərov rəqibin oyununu əvvəlcədən təhlil etdiklərini bildirib:

“Uypeşt”in oyunlarına baxmışdım və onlar necə gözləyirdiksə, o şəkildə də oynadılar. “Beşin dördə” oynamaqla üstünlük yaratdıq, oyunun sürətini aşağı saldıq, nəzarəti özümüzdə saxladıq və ən əsası, yaratdığımız qol epizodlarını dəyərləndirdik. Elə oyun idi ki, onlar da qalib gələ bilərdi. Ancaq udmuşuqsa, deməli, daha yaxşı oynamışıq. Futzalçılarımız da həvəsli və özlərinə inanaraq oynadılar. Bu qələbəni ən çətin vaxtlarda komandaya dayaq olan və fəaliyyətini davam etdirməyə dəstək verən Zaur Axundova həsr edirik”.

Ələkbərov növbəti rəqib, Bosniya və Herseqovinanın “Buba Mara” komandası barədə də fikirlərini bölüşüb:

“Buba Mara”ya gəldikdə, onlar macarlardan azı iki dəfə güclüdürlər. Son qarşılaşmalarına baxmışıq. Bizi çətin sınaq gözləyir, ancaq məqsədimiz dəyişməz olaraq qalır - qələbə!”

Qeyd edək ki, “Araz-Naxçıvan”ın “Uypeşt” üzərində qələbəsində Oktay Rüstəmli het-trik edib, Fərid Ələkbərov və Kənan Manafov isə hərəyə bir qol vurublar. Təmsilçimiz növbəti görüşünü sabah saat 17:30-da “Buba Mara”ya qarşı keçirəcək.

İdman.Biz