“Araz-Naxçıvan”ın baş məşqçisi: “Bütün oyunlarda qələbə qazanmaq istəyirik”

26 Oktyabr 2026 19:38
81
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Bütün oyunlarda qələbə qazanmaq istəyirik”

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq “Araz-Naxçıvan” Polşada son məşqini keçirib.

İdman.Biz xəbər verir ki, artıq iki gündür Polşada olan Azərbaycan təmsilçisinin baş məşqçisi Fərid Ələkbərov komandanın vəziyyətindən danışıb.

Mütəxəssis hazırlığın yaxşı keçdiyini və heyətdə zədəli futzalçının olmadığını bildirib:

“Son iki məşqimizi oyunun keçiriləcəyi “Prezero Arena”da keçirdik. Yaxşı hazırlaşmışıq, heyət üzvləri də yaxşı formadadır. Ən əsası, zədəli futzalçımız yoxdur. Komanda demək olar ki, sırf yerli futzalçılardan qurulub. Yalnız bir legionerimiz var. Bu da öz uşaqlarımız üçün əla fürsət, yaxşı şansdır. Bu mərhələdə oynamaq, həyəcanı yaşamaq hər idmançıya qismət olmur”.

Baş məşqçi kimi Çempionlar Liqasında debüt edəcək Ələkbərov rəqiblərin gücünə baxmayaraq, komandasının maksimum nəticəyə çalışacağını vurğulayıb:

“Bilirik ki, rəqiblərimiz də iddialıdır və növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparacaqlar. Xüsusilə də meydan sahibi kollektivi qeyd etmək istərdim. Onlar neçə ildir uğur qazanmaq üçün heyət yığırlar. Həm də oyunlar onların doğma məkanında keçiriləcək. Azarkeş dəstəyi də onların xeyrinə olacaq. Digər rəqiblərimiz də turnirə yaxşı heyətlə qatılacaqlar. Hansı komanda ilə qarşılaşacağımızdan asılı olmayaraq, sona qədər mübarizə aparacağıq. Məqsədimiz isə bütün oyunlarda qələbə qazanmaqdır”.

İdman.Biz