Futzal millimizin üzvü: “Dünya çempionatına vəsiqə qazanacağıq”

16 Oktyabr 2026 14:04
101
Futzal millimizin üzvü: “Dünya çempionatına vəsiqə qazanacağıq”

“Komandada əhval-ruhiyyə çox yaxşıdır. Yeni baş məşqçi Elvin Quliyev də bizə inanır, yaxşı kollektiv formalaşdırmaq üçün çalışır”.

Bu sözləri Azərbaycan millisinin futzalçısı Nihad İsmayılov dünya çempionatının əsas seçmə mərhələsinin ilk turunda Çexiya ilə keçirəcəkləri oyun barədə danışarkən deyib.

O, rəqibin kağız üzərində favorit olduğunu bildirib.

“Onların matçlarını izləmişik. Çexiyanın heyətində 3-4 təcrübəli oyunçu var. Digərləri isə gənc futzalçılardır. Çexiya seçməsi əsasən hava toplarına üstünlük verir. Cüssəli oyunçuları var. Bu məqamlara xüsusi hazırlaşmışıq. Düşünürəm ki, bu rəqibi məğlub etmək olar”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

“Neftçi”nin formasını geyinən İsmayılov yığmanın qrupdakı hədəfləri barədə də danışıb:

“Rəhbərlik bizə inanır və hər oyunda qələbə gözləyir. İnanıram ki, məqsədimiz olan dünya çempionatına vəsiqə qazanacağıq”.

Qeyd edək ki, Fridek-Mistek şəhərində yerləşən “Hala Polarka” İdman Arenasında bu gün təşkil olunacaq Çexiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Azərbaycan yığmasının qrupdakı digər rəqib Latviya seçməsidir.

İdman.Biz