Azərbaycanın futzal millisi 2028-ci il dünya çempionatının seçmə mərhələsinin əsas raundunda ilk oyununu keçirib.
İdman.Biz xəbər verir ki, 12-ci qrupda mübarizə aparan komandamız səfərdə Çexiya yığması ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.
Frıdek-Mistek şəhərindəki “Polyarka” idman kompleksində keçirilən görüşdə meydan sahibləri beşinci dəqiqədə Seydlerin qolu ilə hesabı açıblar. 20-ci dəqiqədə Zapototski fərqi iki topa çatdırıb.
Azərbaycan millisi 34-cü dəqiqədə Ülvi Əliyevin qolu ilə hesab arasındakı fərqi azaltsa da, məğlubiyyətdən xilas ola bilməyib.
Azərbaycan millisinin heyəti: Emin Kürdov, Kənan Manafov, Murad Quluzadə, Nihad İsmayılov, Oqtay Rüstəmli, Fərid Atakişiyev, Kamran Hacıyev, Emil Həsənzadə, Tofiq Əliyev, Ədalət Ələkbərov, Nurlan Məmmədov, Eldar Zeynalov, Novruz Kazıxanov, Ülvi Əliyev.
Millimiz növbəti oyununu noyabrın 5-də doğma meydanda Çexiyaya qarşı keçirəcək. Komanda daha sonra fevralın 27-də səfərdə, martın 3-də isə evdə Latviya ilə üz-üzə gələcək.
09:20
Azərbaycanın futzal millisi bu gün DÇ-2028-in əsas mərhələsində ilk matçını keçirəcək.
İdman.Biz xəbər verir ki, komanda səfərdə Çexiya yığması ilə qarşılaşacaq.
Fridek-Mistekdəki “Hala Polarka” İdman Arenasında, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək görüşü Peter Nurse (İngiltərə), Valentin Siuplea (Uels) və Dunkan Maklulliç (Şotlandiya) idarə edəcəklər.
Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı 12-ci qrupda digər rəqib Latviyadır.
