“Komanda sentyabrın 10-dan təlim-məşq toplanışındadır. Bəzi səbəblərdən tam heyəti yığa bilmədik”.
İdman.biz xəbər verir ki, bu gün Azərbaycanın futzal millisi Çexiya ilə ilk yoldaşlıq oyununa çıxacaq. Görüşdən matça hazırlıq və komandadakı son durumla bağlı baş məşqçi Vitali Borisov azfutzal.az-a açıqlama verib. O bildirib ki, komanda tam formada deyil: “İlk iki gündə əsasən fiziki hazırlığa üstünlük verdik. Gündə iki dəfə məşq keçirdik. Sonrakı dörd gün ərzində isə taktiki planda çalışmalara yer verdik. Əlbəttə, futzalçıların durumunun ideal olduğunu deyə bilmərəm. Klublarımız 20 gün, 1 ay olar məşqlərə başlayıblar. Çempionat başlamadığına görə, uşaqlarda oyun təcrübəsi də yoxdur. Yaxın günlərdə yeni mövsüm başlayacaq”.
Borisov oyundan gözləntilərindən də danışıb: “Çexiya millisinin üzvlərini məşqdən sonra gördük. Dünya çempionatının seçmə oyunlarından sonra onlar da yoldaşlıq matçları keçirməyiblər. Komandanın 40-50 faizi yeni futzalçılardır. Onlar üçün də bu matç yeni komandalarını iş başında yoxlamaq baxımından önəmlidir. Maraqlı oyun olacaq. Yoldaşlıq oyunu olsa da, çalışacağıq nəticəmiz müsbət olsun. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır”.
Qeyd edək ki, Çexiya Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
İdman.biz