Yığmamızın kapitanı: “Legionersiz də mübarizə aparmaq gücündəyik”

Xəbərlər
17 Aprel 2024 22:39
Yığmamızın kapitanı: “Legionersiz də mübarizə aparmaq gücündəyik”

“Qarşılaşmalar çox dinamik və maraqlı keçdi”.

Bunu İdman.bizə Azərbaycan millisinin futzalçısı Emin Kürdov deyib.

40 yaşlı qolkiper Tiflisdə Gürcüstan millisi ilə keçirdikləri yoldaşlıq görüşünü şərh edib. Komandanın kapitanın sözlərinə görə, yoxlama oyunları gənclərdən təşkil olunan komandanı yoxlamaq üçün yaxşı şansı olub: “Millimiz yenidən formalaşıb. Buna görə də təcrübə öz sözünü dedi. Çünki rəqibin heyətindəki oyunçuların Avropa təcrübəsi var. Həmçinin Gürcüstan millisində bir neçə legioner də var. Baş məşqçimiz Vitali Borisov da hesab önəmli olmadığını demişdi. Əsas məqəsdimiz gənclərin təcrübə toplaması idi”.

Kürdov bildirib ki, matçlar onlarda gələcək üçün böyük ümid doğurub: “Bu oyunlardan sonra çox ümidləndik. Yaxşı işlər görüb, yüksək nəticə qazanmaq olar. Performansları çox möhtəşəm idi. Gürcüstan çox güclü yığmadır. Bu matçlarda göstərdik ki, heyətdə bir legioner olmadan belə onlarla başabaş mübarizə aparmaq gücündəyik. Qarşıda Avropa çempionatının seçmə mərhələsi gəlir. Bu oyunlara da yaxşı hazırlıq keçmək laızmdır”.

Qeyd edək ki, Azərbaycan yığması Gürcüstana 2:3 və 1:2 hesabı ilə uduzub.

Banuçiçək Hüseynli
İdman.biz