"Araz-Naxçıvan"ın Çempionlar Liqasındakı bütün rəqibləri bəlli olub

30 Avqust 2026 10:59
95
"Araz-Naxçıvan"ın Çempionlar Liqasındakı bütün rəqibləri bəlli olub

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq "Araz-Naxçıvan"ın bütün rəqibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi 5-ci qrupda Polşanın "Piast", Bosniya və Herseqovinanın "Buba Mara" və Macarıstanın "Uypeşt" klubları ilə qarşılaşacaq.

İlkin mərhələnin yekunlarına əsasən, C qrupunun qalibi "Buba Mara" və D qrupunda birinci yeri tutan "Uypeşt" Naxçıvan təmsilçisinin rəqibləri sırasına qoşulublar.

Püşkatmaya əsasən, 5-ci qrupa E qrupunun qalibi düşməli idi. Lakin həmin qrupda Ermənistan çempionu "Unisport" birinci yeri tutub. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri eyni qrupda yer ala bilməz. Buna görə E qrupunun qalibi əvəzinə D qrupunun birincisi "Uypeşt" 5-ci qrupa daxil edilib.

Əsas mərhələnin bu qrupunun oyunları Polşada keçiriləcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında 21-ci dəfə iştirak edəcək. Azərbaycan klubu bu göstəricidə yalnız Qazaxıstanın "Kayrat"ından geri qalır.

Turnirin əsas mərhələsinin oyunları oktyabrın 27-dən noyabrın 1-dək keçiriləcək.

İdman.Biz