Yevgeni Kukseviç: “12-ci qrupda ciddi rəqiblərlə mübarizə aparacağıq”

20 İyun 2026 13:38
96
Yevgeni Kukseviç: “12-ci qrupda ciddi rəqiblərlə mübarizə aparacağıq”

“Yaxşı komandalarla bir qrupda yer almışıq”.

İdman.Biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç DÇ-2028-in əsas mərhələsinin püşkü barədə federasiyanın rəsmi saytına danışarkən deyib.

Rusiyalı mütəxəssis komandasını 12-ci qrupda iki güclü və mübariz komanda ilə oyunların gözlədiyini bildirib:

“Çexiya ənənəvi olaraq hər zaman yaxşı səviyyədə olur. Onlar daim yüksək yerlər və böyük turnirlərə qatılmaq üçün mübarizə aparırlar. Latviya yığması da son illərdə inkişafdadır. Avropa çempionatının final mərhələsində iştirak ediblər, hətta əsas rəqiblərdən birini də məğlub etmişdilər”.

Bununla belə, Kukseviçin fikrincə, nəticə qazanmaq mümkündür:

“Bizim də yaxşı komandamız var. Sadəcə düzgün hazırlıq keçməli, rəqiblərə qarşı həvəslə oynamalıyıq. Ümumiyyətlə pley-off oyunlarına vəsiqə qazanmaq üçün cəsarətli və əzmkar olmaq lazımdır”.

Qeyd edək ki, ev-səfər prinsipi ilə keçiriləcək matçların nəticəsinə uyğun olaraq, qrup mərhələsini ilk iki pillədə başa vuracaq komandalar mübarizəni davam etdirəcək.

İdman.Biz