Futzal üzrə Yüksək Liqada 17-ci turun oyunları baş tutub. Turun açılış matçında son çempion “Araz-Naxçıvan” turnir cədvəlinin ortalarında qərarlaşan “Şuşa” kollektivi ilə qarşılaşıb.
Heyətində ciddi itkiləri olan - Rüstəm Bağırov və Vladislav Vorobyevin xidmətindən məhrum qalan “Şuşa” rəqibin hücumlarının qarşısını almaqda çətinlik çəkib. İlk hissədə yeddi cavabsız qol vuran “qırmızı-ağlar” ikinci yarıda daha məhsuldar olaraq 18:1 hesablı darmadağınla qələbə qazanıblar.
İdman.Biz xəbər verir ki, turun ikinci görüşündə lider “Neftçi” İK də meydana itkilərlə çıxıb. Nihad İsmayılov və Emil Həsənzadə cəzalı olduqları üçün oyunu tribunadan izləməli olublar. Qarşılaşmada hesabı lider açsa da, cəmi dörd dəqiqə sonra rəqib tarazlığı bərpa edib. Lakin qısa zamanda ardıcıl üç qol vuran “ağ-qaralar” fasiləyə üstün yollanıblar. İkinci hissədə də qolları sıralayan “Neftçi” İK turu böyükhesablı qələbə ilə başa vurub.
Günün digər nəticəsinə görə isə “Baku Fire” kollektivi meydana çıxmadan üç xal əldə edib. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığı üçün rəqibinə avtomatik texniki qələbə verilib.
