Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FIA) Azərbaycan Qran-Prisindən sonra qaydalara düzəliş edə bilər.
İdman.biz xəbər verir ki, buna Bakıdakı yarışın son dövrəsində Serxio Peres və Karlos Saynsın küçə trasında bir-birinə yol vermədiyi insident səbəb olub.
FİA-dan bildirilib ki, qəza virtual təhlükəsizlik avtomobilinin görünməsinə səbəb olub. Eyni anda bir neçə pilot VSC rejimində pitə qayıdış dövrəsində rəqiblərini qabaqlayıb - formal olaraq belə ötməyə damalı bayraqdan sonra icazə verilir, amma sarı bayraq vəziyyətində deyil: "Red Bull"un niderlandlı pilotu Maks Verstappen, "Haas"ın alman pilotu Niko Hülkenberq və "Alpine"in fransız cütlüyü Esteban Okon və Pyer Qasli virtual təhlükəsizlik avtomobili qaydalarını pozublar, baxmayaraq ki, ötmələrin heç biri hadisə yerinin yaxınlığında baş verməyib. Bununla belə, stüardlar vurğulayıblar ki, qaydanı pozan pilotlar "qəza-xilasedici avadanlıqları və ya marşalların trasa gedib-getmədiyini bilməzdilər, buna görə də davranış texniki cəhətdən təhlükəli olub”.
Qayda pozuntusuna baxmayaraq, bütün idmançılar xəbərdarlıqla canlarını qurtarıblar, çünki mövsümün əvvəlində oxşar vəziyyətlərdə olan sürücülərə qarşı heç bir sanksiya tətbiq edilməyib. Lakin FIA bundan nəticə çıxarmaq niyyətindədir.
“RacingNews365”in məlumatına görə, gələcəkdə oxşar pozuntular pilotlar üçün əhəmiyyətli cərimələrə səbəb ola bilər, amma cəzanın miqyası açıqlanmır və məsələ hakimlərin ixtiyarında olacaq.
Qeyd edək ki, podium uğrunda mübarizədə Peres və Sayns toqquşub. Hakimlər vəziyyətlə bağlı araşdırma apardıqdan sonra qəzanı yarış hadisəsi elan edərək, heç kimi günahkar çıxarmayıblar.
İdman.biz