“Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü start mövqeyini qazanan Oskar Piastri “Mersedes” pilotu Corc Rassellin sürət üstünlüyünü etiraf edib.
İdman.Biz xəbər verir ki, “Maklaren” pilotu sıralama turunun son mərhələsində bir müddət ən yaxşı nəticəyə sahib olsa da, yekunda Rassell və “Ferrari”dən Şarl Leklerdən geri qalıb.
Rassell Bakı Şəhər Halqasını bir dəqiqə 42,526 saniyəyə dövrə vuraraq birinci start mövqeyini qazanıb. Piastrinin ən yaxşı nəticəsi isə bir dəqiqə 43,364 saniyə olub. Avstraliyalı pilot “Mersedes” təmsilçisindən 0,838 saniyə geri qalıb.
Piastri sıralama turundan sonra nəticəsini dəyərləndirib:
“Yaxşı idi. Sıralama turunda bir qədər əlavə sürət tapa bildik. Q3-də ilk cəhddən sonra ilk iki yerdə olmağımız məni təəccübləndirdi. Amma təəssüf ki, Corca qarşı heç bir şansımız yox idi. Həftəsonunun indiyədək necə keçməsindən razıyam. Yenidən ilk üçlükdə olduğum üçün çox şadam”.
Piastri üçüncü, komanda yoldaşı Lando Norris isə beşinci yeri tutub.
Qeyd edək ki, Azərbaycan Qran-prisinin əsas yarışı sentyabrın 26-da keçiriləcək.
Foto: İslam Atakişiyev
