Azərbaycan Qran-prisində “Formula-2” üzrə sprint yarışının qalibi mükafatlandırılıb.
İdman.Biz xəbər verir ki, yarışın yekunlarına əsasən ilk üçlükdə qərarlaşan pilotlara mükafatlar təqdim olunub.
Xatırladaq ki, “Dams Lukas Oil” komandasından Dino Beqanoviç birinci, “Trident”dən Laurens Van Hoepen ikinci, “Rodin Motorsport”dan Aleks Dann isə üçüncü olub.
Saat 14:15-də “Formula-2” üzrə birinci əsas yarış keçiriləcək.



09:23
Azərbaycan Qran-prisində “Formula-2” üzrə sprint yarışı başa çatıb.
İdman.Biz xəbər verir ki, Bakı Şəhər Halqasında keçirilən yarışda “DAMS Lucas Oil” komandasının pilotu Dino Beqanoviç birinci yeri tutub. İsveçli sürücü bununla Azərbaycan Qran-prisi həftəsonunun ilk yarışının qalibi olub.
“Trident”i təmsil edən Laurens van Hupen ikinci, “Rodin Motorsport”un pilotu Aleks Dann isə üçüncü pillədə qərarlaşıb. Onun komanda yoldaşı Martinius Stenshorne finişə dördüncü çatıb.
Çempionatın lideri Nikola Tsolov sprint yarışını beşinci yerdə başa vurub. Əsas rəqibi Rafael Kamara isə yalnız 16-cı olub. İlk səkkizliyi Roman Bilinski, Sebastyan Montoya və Kuş Maini tamamlayıblar.
Sprint yarışının sonu isə kütləvi qəza ilə yadda qalıb. Bir neçə bolid bir-birinə dəyərək trasdan çıxıb.
Qeyd edək ki, saat 14:15-də “Formula-2” üzrə birinci əsas yarış keçiriləcək.
08:53
Azərbaycan Qran-prisinin “Formula-2” üzrə sprint yarışı başlayıb.
İdman.Biz xəbər verir ki, mübarizəyə saat 08:15-də start verilib.
Yarışın startında qəza baş verib. İkinci döngəyə gedən yolda “Invicta Racing” komandasının pilotu Rafael Kamaranın idarə etdiyi bolid “Prema Racing”in sürücüsü Mari Boyanın avtomobilinə çırpılıb.
Nəticədə trasda sarı bayraq qaldırılıb.
Bu gün Azərbaycan Qran-prisində “Formula 2” üzrə ikinci əsas yarış da keçiriləcək.
Qeyd edək ki, “Formula-2” gənc pilotlar üçün nəzərdə tutulan və “Formula-1”ə keçiddən əvvəlki son mərhələ hesab edilən yarış seriyasıdır. Bütün sürücülər demək olar ki, eyni texniki imkanlara malik bolidlərdən istifadə etdikləri üçün nəticədə pilotun bacarığı və komandanın işi xüsusi rol oynayır. “Formula-2” mərhələləri “Formula-1” yarış həftəsonları çərçivəsində təşkil olunur.
2026-cı ildə Bakı mərhələsi fərqli formatı ilə seçilir. Bu, mövsümdə genişləndirilmiş proqramla keçirilən yeganə “Formula-2” mərhələsidir. Bakıda iki sıralama turu, bir sprint və iki əsas yarış nəzərdə tutulub. Adətən isə “Formula-2” həftəsonunda bir sıralama turu, bir sprint və bir əsas yarış keçirilir.
“Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
