Lekler Bakıdakı 0,8 saniyəlik fərqə izah tapa bilmədi

25 Sentyabr 2026 18:13
115
Lekler Bakıdakı 0,8 saniyəlik fərqə izah tapa bilmədi

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda ikinci yeri tutan Şarl Lekler nəticəsini dəyərləndirib.

İdman.Biz xəbər verir ki, “Ferrari” pilotu “Mersedes”dən Corc Rassellə 0,8 saniyədən çox uduzmasının səbəbini tam anlaya bilmədiyini bildirib.

Lekler öz dövrəsini uğurlu hesab etdiyini, buna görə də Rassellin nəticəsi ilə aradakı böyük fərqin gözlənilməz olduğunu vurğulayıb:

“Düzünü desəm, kifayət qədər yaxşı dövrə idi. Sonda yaxşı nəticə göstərə bildim, amma Corcla aradakı fərqi görəndə bunun kifayət etmədiyi aydın oldu. Mövqe baxımından gözlədiyimiz yerdəyik, amma fərq gözlədiyimizdən xeyli böyükdür”.

Monakolu pilot əsas yarışla bağlı da fikirlərini bölüşüb. O, “Ferrari”nin düz yollardakı sürətinin üstün cəhətlərindən olmadığını, buna baxmayaraq, yüksək yanacaq yükü ilə bolidin tempinin yaxşı göründüyünü qeyd edib.

Qeyd edək ki, Lekler əsas yarışa ikinci, Rassell isə birinci mövqedən başlayacaq. Azərbaycan Qran-prisinin əsas yarışı sentyabrın 26-da keçiriləcək.

Foto:İslam Atakişiyev

İdman.Biz