Ferstappen 100 rəqibini keçib qalib gəldi

16 Sentyabr 2026 23:41
138
Ferstappen 100 rəqibini keçib qalib gəldi

“Red Bull”un pilotu Maks Ferstappen “Silverstoun” trasında keçirilən qeyri-adi kartinq yarışının qalibi olub.

İdman.Biz xəbər verir ki, 28 yaşlı niderlandlı 100 rəqiblə mübarizə aparıb və yarışa 101-ci, yəni sonuncu mövqedən başlayıb. Ferstappen ilk səkkiz dövrədə beşinci yerə yüksəlib, 30 dövrəlik yarışın 14-cü dövrəsində isə liderliyə çıxıb.

“Bu, olduqca əyləncəli yarışdır. “Silverstoun”da kartinq üçün belə konfiqurasiyanın yaranması çox xoşdur”, – deyə Ferstappen yarış zamanı bildirib.

Yarış qeyri-adi qaydalarla keçirilib. Ferstappenin 100 rəqibi təsnifat mərhələsinin nəticələrinə əsasən start mövqelərini əvvəlcədən müəyyənləşdirib. Onlar hərəsi 20 nəfərdən ibarət beş qrupa bölünüb və sürətli dövrə göstərmək üçün bir cəhd əldə ediblər. Ferstappen növbəti iştirakçını ötən kimi həmin sürücü mübarizəni dayandırıb.

Rəqiblərə isə trasın qısa yollarından istifadə etməyə icazə verilib. Epizodların birində Ferstappen tərəfindən ötülən sürücü bu imkandan yararlanaraq yenidən onun önünə keçib.

Ferstappen özü də yarış zamanı insident yaşayıb. Döngələrdən birində o, trasdan çıxaraq səddin üzərindən keçib və kartinq avtomobilinin bir detalı qopub. Buna baxmayaraq, niderlandlı pilot mübarizəni davam etdirərək qələbə qazanıb.

İdman.Biz