“Formula-1” üzrə Azərbaycan Qran-prisinə maraq artıb: Yeni tribuna quraşdırıldı

1 Sentyabr 2026 15:38
115
“Formula-1” üzrə Azərbaycan Qran-prisinə maraq artıb: Yeni tribuna quraşdırıldı

Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində yerli və xarici azarkeşlərin biletlərə artan tələbatı nəzərə alınaraq yeni tribuna quraşdırılıb.

İdman.Biz xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

“City” adlanan yeni tribuna Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşir və 678 tamaşaçı tutumuna malikdir. Tribunanın unikal yerləşməsi azarkeşlərə bolidləri trasın bir-birinə paralel iki sürətli hissəsində izləmək imkanı verəcək.

Yeni tribunanın istifadəyə verilməsi ilə Bakı Şəhər Halqasında tribunaların ümumi tamaşaçı tutumu 21 mini keçib.

Yerli və xarici azarkeşlərin Azərbaycan Qran-prisinə ildən-ilə artan marağı nəzərə alınaraq, infrastrukturun genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son üç il ərzində dörd yeni tribuna quraşdırılıb, tribunaların ümumi tutumu isə 6 mindən çox yer artırılıb.

Qeyd edək ki, 2025-ci ildə keçirilmiş “Formula-1” üzrə Azərbaycan Qran-prisinin yarış həftəsonu ərzində ümumilikdə 90 mindən çox iştirak qeydə alınıb.

Xatırladaq ki, Azərbaycan Qran-prisi 24-26 sentyabr aralığında keçiriləcək.

İdman.Biz