“Formula-1”də çempionluq uğrunda mübarizə aparan “Mercedes”in rəhbəri Toto Volff komandanın bolidə yeni təkmilləşdirmələrin gətirilməsi ilə bağlı maliyyə məhdudiyyəti yaşadığını bildirib.
İdman.Biz xəbər verir ki, avstriyalı funksioner bunun “Formula-1”də tətbiq olunan büdcə limiti ilə bağlı olduğunu deyib.
2026-cı ildə komandaların avtomobilə xərcləri üçün büdcə limiti 215 milyon dollar müəyyənləşdirilib. “Mercedes” mövsümün əvvəlində ilk altı yarışın hamısını qazansa da, son altı Qran-pridə cəmi iki qələbə əldə edib. “McLaren” isə son iki yarışı bolidə ardıcıl yeniliklər gətirdikdən sonra qazanıb.
Volff vəziyyəti belə izah edib:
“Maşına yeni təkmilləşdirmələr qoymaq üçün pulumuz yoxdur”.
Onun sözlərinə görə, “Mercedes” mövsüm üçün nəzərdə tutulan büdcəni əvvəlcədən planlaşdırıb və bütün vəsaiti hazırda avtomobilin inkişafına yönəltmək mümkün deyil.
“Mercedes” W17-yə son böyük yenilik paketini mayın sonunda Kanada Qran-prisi zamanı gətirib. “McLaren” və “Ferrari” isə son yarışlarda daha aktiv inkişaf proqramı həyata keçirirlər.
