Antonelli tarixi F1 çempionluğuna doğru irəliləyir

30 Avqust 2026 18:40
99
Antonelli tarixi F1 çempionluğuna doğru irəliləyir

“Mercedes”in pilotu Kimi Antonelli “Formula-1” üzrə 2026-cı il mövsümündə çempionluq uğrunda mübarizədə ötənilki uğursuz təcrübəsindən faydalandığını deyib.

İdman.Biz xəbər verir ki, 20 yaşlı italiyalı mövsümün 12 mərhələsindən sonra şəxsi sıralamada ən yaxın izləyiciləri Corc Rassell və Lyuis Hamiltonu 59 xal qabaqlayır. Hər iki pilotun 183 xalı var.

Antonelli bildirib ki, debüt mövsümü olan 2025-ci ildə keçirdiyi çətin dövr onun həm emosional, həm də mental baxımdan inkişafına kömək edib.

“İş hələ başa çatmayıb. Mövsümün yalnız yarısındayıq və qarşıda görüləsi çox iş var. Təcrübə böyük rol oynayır. Hələ öyrənəcəyim çox şey var, amma ötən il yaşadığım bütün pis anlar və çətin dövrlər mənə lazım idi. Bunlar gözlədiyimdən daha çox inkişaf etməyimə kömək etdi və məni emosional, mental baxımdan daha güclü etdi”, - Antonelli açıqlamasında deyib.

İtaliyalı pilot mövsümün ilk 12 mərhələsində altı Qran-pridə qalib gəlib. Rassellin iki, Hamiltonun isə bir qələbəsi var.

Antonelli mövsümü çempion kimi başa vursa, “Formula-1” tarixində ən gənc dünya çempionu olacaq. O, 2010-cu ildə 23 yaşında ilk titulunu qazanan Sebastian Fettelin rekordunu üç ildən çox fərqlə yeniləyəcək.

Qeyd edək ki, Antonelli 2025-ci ildə “Formula-1” də debüt edib. Mövsümə yaxşı başlasa da, Avropa mərhələlərində çətin dövr keçirib.

İdman.Biz