“Aston Martin”in pilotu: “Yay fasiləsinə qədər yeniliklər gözlənilmir”

4 May 2026 13:34
162
“Aston Martin”in pilotu: “Yay fasiləsinə qədər yeniliklər gözlənilmir”

"Formula-1"də yay fasiləsinə qədər ciddi texniki yeniliklər planlaşdırılmır".

İdman.Biz xəbər verir ki, bunu “Aston Martin” komandasının pilotu Fernando Alonso deyib.

İkiqat dünya çempionu Mayamidə keçirilən Qran-pridə 15-ci yeri tutduqdan sonra vəziyyəti şərh edib və yaxın yarışların komanda üçün çətin keçəcəyini etiraf edib:

“Ümumilikdə hər şey normal keçdi. Sürətimiz elə budur. Çətin vəziyyətdəyik, amma bu il ilk dəfə iki maşınla finişə çatmağı bacardıq. Etibarlılıq və vibrasiya ilə bağlı müəyyən irəliləyiş var. Müsbət məqamlar da mövcuddur”.

O vurğulayıb ki, “Aston Martin” hazırda sıralamanın arxa hissəsində qərarlaşıb və əsas diqqət avtomobilin gələcək inkişafına yönəldilməlidir:

“Növbəti yarışlar çətin olacaq. Vəziyyət dəyişməyəcək, çünki biz yenə də pelotonun sonunda qalacağıq. Yay fasiləsindən sonra daha çox yenilik gətirəcəyik, amma ondan əvvəl ciddi dəyişiklik olmayacaq. Komanda olaraq səbirli olmalı və mövsümün ikinci yarısını gözləməliyik. Bütün gücümüzü həmin mərhələyə yönəltmişik”.

Pilot əlavə edib ki, “Aston Martin”in yarışa yumşaq tərkibli təkərlərlə başlaması da sınaq xarakteri daşıyıb:

“Digər komandaların hansı təkərlə start götürdüyünü görmədim. Onsuz da xallar uğrunda mübarizə aparmırdıq, bu yarış bizim üçün sınaq idi”.

İdman.Biz