“Formula-1” üzrə Mayami Qran-prisinin final dövrələrində baş verən insidentlər idarəçilərin işini artırıb. Yarış başa çatdıqdan sonra Şarl Lekler, Corc Rassell və Maks Ferstappenin iştirak etdiyi bir neçə hadisə ilə bağlı araşdırmalara başlanılıb.
İdman.Biz xəbər verir ki, “Ferrari”nin pilotu Şarl Lekler üç fərqli insidentə görə araşdırılır. Monakolu sürücü trasın hüdudlarını dəfələrlə tərk edərək üstünlük qazanmaqda, son dövrədə 17-ci döngədə Corc Rassell ilə toqquşmaya səbəb olmaqda və qəzadan sonra zədələnmiş maşını təhlükəli vəziyyətdə idarə etməkdə günahlandırılır.
“Mercedes”in sürücüsü Corc Rassell iki fərqli hadisədə iştirakçı olub. O, həm Leklerlə toqquşmaya, həm də birinci döngədə Maks Ferstappenlə təmasa görə ştüardların diqqət mərkəzindədir. Həmin təmas nəticəsində Rassellin bolidinin ön qanadı zədələnib.
Dünya çempionu Maks Ferstappen üçün də gün gərgin keçib. O, Rassellə olan insidentlə yanaşı, pit-leyn çıxışında xətti kəsməkdə də şübhəli bilinir. Bundan əlavə, Liam Louson və Pyer Qasli arasında baş verən qəza da rəsmi araşdırmaya daxil edilib.
Xatırladaq ki, hadisələrin əksəriyyəti yarışın bitməsinə saniyələr qalmış Mayami beynəlxalq avtodromunda yaşanıb. Ştüardların verəcəyi qərarlardan sonra yarışın yekun nəticələrinin dəyişə biləcəyi ehtimal olunur.
