“Mercedes” komandasının pilotu Corc Rassell “Formula-1”də 2026-cı ildən tətbiq olunacaq yeni texniki reqlamentin yarışlara gətirəcəyi yeniliklər barədə maraqlı fikirlər səsləndirib.
İdman.Biz xəbər verir ki, britaniyalı sürücü yeni güc qurğularının enerji idarəetmə tələbləri səbəbindən yarış stilinin tamamilə fərqli olacağını bildirib. 2026-cı ildən etibarən mühərrik gücünün 50%-nin batareyalardan gələcəyini xatırladan Rassell, enerjinin bərpası məsələsinin sürücülər üçün əsas sınağa çevriləcəyini vurğulayıb.
“Bu, çox maraqlı oyun olacaq. Bəzi dövrələrdə enerjini bərpa etmək asan olsa da, uzun düzlükləri olan yollarda bu, böyük çətinlik yaradacaq. Sürücülərin fərqli sükan arxası davranışları və enerji paylama taktikaları aerodinamik gərginliyi kölgədə qoyacaq”, - deyə Rassell qeyd edib.
Təcrübəli pilot xüsusilə Melburn və Ciddə kimi sürətli traslarda fərqli sürmə üslublarının ön plana çıxacağını və bunun azarkeşlər üçün daha maraqlı mübarizə vəd etdiyini əlavə edib.
Qeyd edək ki, yeni qaydalar avtomobillərin daha çevik, lakin batareya gücündən daha çox asılı olmasını nəzərdə tutur.
