Maks Ferstappen cəzadan qurtuldu, “Haas”ın gənc pilotu isə risk altındadır

27 Fevral 2026 12:12
125
Maks Ferstappen cəzadan qurtuldu, “Haas”ın gənc pilotu isə risk altındadır

Maks Ferstappen “Formula-1” yarışlarından kənarlaşdırılma təhlükəsini geridə qoysa da, hazırda başqa bir pilot ciddi sanksiya riski ilə üz-üzədir. “Haas” komandasının gənc sürücüsü Olivye Birman 2026-cı il mövsümünə lisenziyasındakı 10 cəza xalı ilə daxil olur.

İdman.Biz xəbər verir ki, Birman avtomatik bir yarışlıq qadağadan cəmi iki xal uzaqdadır. Onun mövcud cəza xallarının müddəti ən tez mayın 23-də başa çatacaq. Bu isə o deməkdir ki, 20 yaşlı pilot mövsümün ilk altı mərhələsində, o cümlədən Kanada Qran-prisinin startına qədər "təhlükəli xətt" üzərində mübarizə aparacaq.

Britaniyalı pilotun aktivindəki 10 xal debüt mövsümündəki bir neçə insidentlə bağlıdır:

- Monako: Qırmızı bayraq altında Karlos Saynsı ötmək;
- Silverstoun: Qırmızı bayraq rejimində pit-leyn qəzası;
- Monza: "Williams" sürücüsü ilə toqquşma.

Siyahıda Lens Stroll və Liam Lousonun hər birinin altı, Kimi Antonellinin isə beş cəza xalı var. Əksinə, Corc Rassell, Lando Norris, Fernando Alonso, Serxio Peres və Niko Hulkenberq kimi pilotlar yeni mövsümə sıfır cəza xalı ilə başlayırlar.

Birmanın hazırkı vəziyyəti 2025-ci il mövsümündə Maks Ferstappen ətrafında baş verən dramla müqayisədə daha yüngül hesab olunur. Belə ki, dördqat dünya çempionu ötən mövsüm Barselona-Katalunya dövrəsində Corc Rassell ilə mübahisəli toqquşmadan sonra kritik həddə çatmışdı. Həmin insident nəticəsində niderlandlı sürücünün cəza xallarının sayı 11-ə yüksəlmişdi.

Ferstappenin əvvəlki qayda pozuntularının hamısı 2024-cü ilin ikinci yarısında baş verdiyi üçün artıq silinib. Lakin o zaman “Red Bull” sürücüsü Kanada və Avstriya Qran-priləri zamanı həddindən artıq ehtiyatlı olmaq məcburiyyətində qalmışdı. Çünki ən kiçik qayda pozuntusu belə onun yarışdan kənarlaşdırılmasına səbəb ola bilərdi.

Qeyd edək ki, "Formula-1" reqlamentinə əsasən, 12 ay ərzində 12 cəza xalı toplayan pilot növbəti yarışdan kənarlaşdırılır.

İdman.Biz