Hamiltonun Bonno ilə yenidən bir araya gəlməyəcəyinin səbəbi açıqlanıb

Xəbərlər
18 Yanvar 2026 13:59
57
Hamiltonun Bonno ilə yenidən bir araya gəlməyəcəyinin səbəbi açıqlanıb

“Formula-1”in yeddiqat dünya çempionu, “Ferrari” pilotu Lyuis Hamiltonun sabiq yarış mühəndisi Piter Bonninqtonla (Bonno) yenidən əməkdaşlıq etməsi mümkün görünmür.

İdman.Biz xəbər verir ki, bu barədə “RacingNews365” nəşri ətraflı izah yayımlayıb.

Məqalədə Hamiltonun “Ferrari”də Rikardo Adami ilə əməkdaşlığı dayandırsa belə, “Mercedes”də uzun illər birlikdə çalışdığı Bonninqtonla yenidən bir araya gəlməsinin real olmadığı bildirilir.

Qeyd olunur ki, Bonninqton hazırda “Mersedes”də mühəndis iyerarxiyasında yüksək vəzifə tutur və trasda komandanın baş yarış mühəndisi postuna qədər yüksəlib. Bundan əlavə, o, Kimi Antonellinin debüt mövsümündə də mühüm rol oynayıb. Bu status Bonninqtonun başqa komandaya keçidini həm hüquqi, həm də texniki baxımdan xeyli çətinləşdirir.

Nəşrin vurğuladığı əsas məqam ondan ibarətdir ki, Bonninqtonun “Mersedes”dən ayrılması halında uzunmüddətli məcburi fasilə tətbiq olunacaq. Məqsəd alman komandasının məxfi texniki məlumatlarının İtaliyaya daşınmasının qarşısını almaqdır. Bu fasilənin ən azı bir il, bəlkə də daha uzun çəkə biləcəyi bildirilir.

“RacingNews365” in ehtimalına görə, belə bir ssenaridə Bonninqtonun “Ferrari”yə ən tez 2027-ci ildə qoşulması mümkündür. Lakin həmin vaxta qədər Lyuis Hamiltonun “Formula-1”də çıxış edib-etməyəcəyi də sual altındadır.

İdman.Biz