"Bu il məqsədimiz I Liqada qalmaq, yerimizi möhkəmləndirmək, II Liqaya düşməməkdir".
Bunu I Liqada çıxış edən “Şimal”ın kapitanı Tural Cəlilovun futbolinfo.az saytına müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
– I Liqada artıq iki oyun keçirmisiniz və komandanın aktivində 1 xal var. “Şəfa”ya məğlubiyyət (0:2) və MOİK ilə heç-heçəni (1:1) necə şərh edərdiniz?
– İlk turda “Şəfa” ilə qarşılaşdıq, bu komandanın durumu hər kəsə bəllidir. Çox geniş heyətə malikdirlər, çempionluğa oynayırlar. Bu səbəbdən onlara qarşı oynamaq çox çətindir. İkinci turda çempionluq hədəfi olan digər komanda – MOİK ilə üz-üzə gəldik. Onların da heyətləri yaxşıdır, keyfiyyətli oyunçuları var. Bizim isə geniş heyətimiz yoxdur, 13-14 nəfərlə mübarizə aparırıq.
– “Şimal”ın I Liqada hədəfi nədir? İlk mövsümdə əsas məqsəd liqadakı yerinizi qorumaqdır, yoxsa daha iddialı olacağınızı düşünürsünüz?
– Bu il məqsədimiz I Liqada qalmaq, yerimizi möhkəmləndirmək, II Liqaya düşməməkdir. Hər oyunda sonadək mübarizə aparacağıq. Kağız üzərində bütün komandalar bizim önümüzdə favorit sayılırlar, amma biz hər dəfə əzmkar oyun nümayiş etdirməklə xallar yığmağa çalışacağıq. Məşqlərimizi davam etdiririk.
– Komanda olaraq əsas çətinlikləriniz nədən ibarətdir?
– Meydança, şərait baxımından problemlərimiz var. Çalışırıq ki, hər bir çətinliyə sinə gərək və azarkeşlərimiz meydanda keyfiyyətli, xarakterli komanda görsünlər. İnşallah, oyunçularımız zədə almazlar. Doğrudan da, heyətimiz kasaddır.
– Sentyabrın 25-də “Baku Sportinq”in qonağı olacaqsınız. Şansları necə dəyərləndirirsiniz? Bakıdan yaxşı nəticə ilə qayıda biləcəksiniz?
– “Baku Sportinq”lə oyun da bizim üçün çətin keçəcək. Hər matç çətindir. Çalışacağıq ki, yaxşı oyun göstərək, mübarizə aparaq, xarakter göstərək. Uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik. İnşallah, yaxşı olar.
– I Liqanın səviyyəsi II Liqadan çox fərqlənir? Şəxsən sizin üçün 39 yaşda I Liqada oynamaq çətin deyil?
– Düzdür, 39 yaşım var, oynayıram. Oyunçu azlığına görə məcbur meydana çıxıram. Bu yaşda oynamaq həm güc, həm də enerji baxımından mənim üçün asan deyil. Belə deyək də, istədiyimdən oynamıram, çalışıram ki, çətin vəziyyətdə komandamıza kömək edim, dəstək olum.