Elmir Xankişiyev: “Sanki komandanı çöldən yığıb matça gətirmişdilər” - MÜSAHİBƏ

Müsahibə
6 Sentyabr 2025 14:43
41
Elmir Xankişiyev: “Sanki komandanı çöldən yığıb matça gətirmişdilər” - MÜSAHİBƏ

Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Elmir Xankişiyevin futbolinfo.az saytına müsahibəsi

– Millimizin səfərdə İslandiyaya 0:5 hesablı məğlubiyyətini necə şərh edərdiniz?

– Oyunu izlədim, əgər buna oyun demək olarsa. Millimizdə xətlərarası əlaqə yox idi. Sanki komandanı çöldən yığıb matça gətirmişdilər. Müdafiəçilərimiz topu ancaq qabağa, lazımsız yerə vururdular. Yığmamızda komanda oyunu görmədik. Çox üzüldüm, xalqımızı məyus etdilər. Dünənki qarşılaşmada millimizin heyətində, demək olar ki, heç kimin oyununu bəyənmədim. Sanki futbol oynamaq istəmədik. Bir qədər qapıçımızı fərqləndirmək olar. 1-2 epizodda komandamızı qoldan xilas etdi. Meydan oyunçularının isə heç birinin çıxışı xoşuma gəlmədi.

– Bu görüşdə millimizin yarımmüdafiə xəttinin varlığı ilə yoxluğu bilinmirdi. Razısınız?

– Bəli, düz qeyd edirsiniz. Yarımmüdafiəçilərimiz nə müdafiə olunmaqda, nə də hücuma keçməkdə iştirak edirdilər. Müdafiəçilərimiz topu yarımmüdafiə xəttinin başının üzərindən qabağa vururdular, nəticədə islandlar topu ələ keçirib yenidən üstümüzə hücuma gəlirdilər. Yəni dünən yarımmüdafiəçilərimizin heç bir rolu olmadı. Düzdür, ilk hissədə ümumilikdə pis müdafiə olunmadıq. Amma görünür, 45 dəqiqəlik gücümüz var idi. İkinci yarıda gücümüz də bitdi, psixoloji cəhətdən də oyundan qopduq, nəticədə böyük hesabla məğlub olduq.

– Növbəti rəqib sentyabrın 9-da Ukrayna yığması olacaq. Biabırçı startdan sonra doğma divarlar arasında keçiriləcək matçda nəyə ümid etmək olar?

– Bizi çox çətin oyun gözləyir. Millimiz özünə gəlib heç olmasa bu görüşdə Azərbaycan xalqına bir az ümid verməlidir. Futbolçular yığışmalı, sözü bir yerə qoymalı və yaxşı oyun göstərərək azarkeşləri həvəsləndirməlidirlər.

– Seçmə mərhələdə kimdənsə xal qoparmaq mümkün olacaq?

– Fikrimcə, islandlara Bakıda qalib gəlmək olar. Biz İslandiyanı çox şişirdirik. Reyvyavikdəki hesaba baxmayaraq, bizdən səviyyə baxımından bir az üstün komandadır, yəni Fransa və ya Ukrayna deyil. Bakıda onlara qarşı yaxşı oyun göstərmək və qələbə qazanmaq mümkündür. Sadəcə, düzgün taktika seçmək, bir də futbolçuların görüşə düzgün yanaşması vacibdir. Düşünürəm ki, dünya çempionatının seçmə mərhələsini 3 xalla bitirə bilərik.

İdman.biz