UEFA Marsel və Batumidəki iğtişaşlarla bağlı intizam araşdırmasına başladı

27 Noyabr 2026 18:03
41
UEFA Marsel və Batumidəki iğtişaşlarla bağlı intizam araşdırmasına başladı

UEFA Avropa Liqasının əsas mərhələsinin beşinci turunda keçirilən “Marsel” – “Levski” (1:0) və “Beşiktaş” – “Hapoel” (2:1) qarşılaşmalarında baş verən iğtişaşlarla bağlı intizam araşdırmasına başlayıb.

İdman.Biz xəbər verir ki, Avropa futbol qurumu bununla bağlı rəsmi bəyanat yayıb.

UEFA hər iki qarşılaşmada baş verən zorakılıq hallarını və azarkeşlərin iştirakı ilə yaşanan qarşıdurmaları kəskin şəkildə pisləyib.

Qurum zorakılığın, aqressiyanın, nifrətin, təxribatçı, ayrı-seçkilik xarakterli və ekstremist davranışların futbolda yeri olmadığını vurğulayıb.

Hadisələrin bütün təfərrüatlarını müəyyənləşdirmək və mövcud sübutları araşdırmaq üçün UEFA-nın etika və intizam məsələləri üzrə müfəttişləri təyin olunublar. Araşdırma ilə bağlı əlavə məlumat daha sonra açıqlanacaq.

Xatırladaq ki, Fransada keçirilən qarşılaşma öncəsi “Marsel” azarkeşlərinin bolqarıstanlı tərəfdarlara hücumu nəticəsində 10-dan çox nəfər xəsarət alıb.

Gürcüstanın Batumi şəhərində keçirilən görüşdə isə Fələstin bayrağına görə “Beşiktaş” azarkeşləri ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranıb. Polis gözyaşardıcı qazdan istifadə edib.

İdman.Biz