Yığmamızın futbolçusu: "Matçlar bitdikdən sonra ən yaxşı qərarımı verəcəm"

Xəbərlər
5 Sentyabr 2025 17:27
43
Yığmamızın futbolçusu: "Matçlar bitdikdən sonra ən yaxşı qərarımı verəcəm"

Azərbaycanın U-21 yığma komandasının üzvü, "Ankaragücü"nün futbolçusu Həsən Nəzərlinin Sportal.az saytına müsahibəsi

- Portuqaliya ilə oyunöncəsi durum necədir?

- Kollektivdə hər şey yaxşıdır. Oyuna da çox yaxşı hazırlaşmışıq. Birinci gündən indiyə qədər var gücümüzlə çalışırıq. Bu gün keçirəcəyimiz matçda da böyük nəticə gözləyirik. Komandada hamı inanırıq və bir-birimizə güvənirik.

- AVRO-2027-də ilk oyununuz olacaq. Portuqaliyaya qarşı matçda yığmamızdan hansı nəticəni gözləmək olar?

- Bu cür komanda ilə oynamaq bizim üçün də böyük şansdır. Biz də yaxşı hazırlaşmışıq. Özümüzə çox güvənirik. Bu gün yaxşı nəticə qazana biləcəyimizi düşünürəm.

- Ən azından bir xal sizi razı salacaq?

- Təbii ki, üç xal qazanmaq istəyirik. Bu gün görəcəyik. Hamımız ilk dəqiqədən sona qədər mübarizə aparacağıq. Biz də rəqibi analiz etmişik. Portuqaliya yığmasını yaxşı tanıyırıq. Məşqçilər korpusu bizə lazımı analizləri verib. Əlimizdən gələni edəcəyik.

- "Ankaragücü"ndəki vəziyyətin necədir? Hazırkı durum səni razı salır?

- Hazırda yığma komandaya fokuslanmışam. Çünki indi buradayam və bizi bu gün Portuqaliya kimi güclü rəqiblə oyun gözləyir. Daha sonra Bolqarıstanla oynayırıq. Bu matçlar bitdikdən sonra ən yaxşı qərarımı verəcəm.

- Türkiyə klubunda daimi oynayası olsan, A milliyə də dəvət edilmək imkanın yarana bilər...

- Təbii ki, klubda daimi oynayaraq bunu reallaşdırmaq olar. Hər kəsin hədəfi A milliyə dəvət edilməkdir. Gələcəkdə necə olacağını görəcəyik. Mən hazırda yığma komandamızın oyunlarına köklənmişəm. Uğurlu nəticə qazanmaq istəyirik.

İdman.biz