AFFA rəsmisi: "İslandiyaya qalib gəlmək şansımız var"

Xəbərlər
5 Sentyabr 2025 17:58
40
AFFA rəsmisi: "İslandiyaya qalib gəlmək şansımız var"

"İslandiya ilə qarşılaşmada qalib gəlmək şansımız var".

İdman.biz xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov bu gün DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək İslandiya-Azərbaycan oyunu barədə danışarkən deyib.

O, Azərbaycan millisinin rəqib qarşısında şanslarını dəyərləndirib: “Qrupdakı digər iki rəqibimiz – Ukrayna və Fransa ilə müqayisədə İslandiya millisi bizə daha uyğundur. Onlardan xal ala bilmə ehtimalımız daha real görünür. Fikrimcə, bu komanda əvvəlki səviyyədə deyil. Kifayət qədər eniş görünür. Bu amil millimizə qalib gəlmək üçün əlverişli şərait yaradır. Ötən il UEFA Millətlər Liqasında Türkiyə ilə qarşılaşmada İslandiya müəyyən çətinliklər yaratmışdı. Yalnız son dəqiqələrdə islandiyalı qapıçısının kobud səhvi ucbatından qol buraxdılar. Ümumi götürsək onlar sürətli keçidlərlə, əks hücumlarla, cərimə zərbələri və standart vəziyyətlərlə təhlükə yarada bilərlər. Onlara qarşı ehtiyatlı olmalıyıq. Yəqin ki, biz də topa daha çox sahib olmağa üstünlük verəcəyik. Hücumların təşkilində bir qədər diqqətli olmalıyıq. Rəqibin heyətində sürətli futbolçular var. Bu keçidləri sürətli edib, qapımızın önündə təhlükəli vəziyyətlər yarada bilərlər”.

Mütəxəssis milli komandada bir neçə mövqedə boşluqların olduğunu söyləyib: “Dayaq yarımmüdafiə mövqeyimiz hələ də ürəkaçan deyil və oyun çox vaxt bu mövqedəki futbolçuların üzərinə düşəcək. Bu mövqedəki futbolçular həm hücum, həm müdafiə baxımından güclü olmalı, komandanın oyun tempini qoruyub saxlaya bilməlidirlər ki, təhlükəli rəqiblərin öhdəsindən gələ bilək. Son dönəmlərdə cinah hücumçularımız da yaxşı təsir bağışlamırlar. Əfran İsmayılovdan sonra cinahda rəqibi keçib geridə qoyan oyunçumuz demək olar ki, yoxdur. Sadaladıqlarım vacib mövqelərdir. Çünki bu mövqelərin yığmalar üçün rolu çox böyükdür”.

Qeyd edək ki, bu gün keçiriləcək İslandiya-Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

İdman.biz