AFFA rəsmisi: "UEFA-nın təşkil etdiyi proqramda ən yüksək bal toplayan 4 nəfərdən biri oldum"

Xəbərlər
2 Sentyabr 2025 16:00
36
AFFA rəsmisi: "UEFA-nın təşkil etdiyi proqramda ən yüksək bal toplayan 4 nəfərdən biri oldum"

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA Akademiyası və Lozanna Universitetinin birgə təşkil etdiyi "UEFA Diploma in Football and Leadership Management" (DFLM) təhsil proqramında ən yüksək bal toplayan 4 nəfərdən biri olub.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a qurum rəsmisi özü məlumat verib.

O, layihənin AFFA-nın startegiyasında əks olunduğunu nəzərə çatdırıb: "Təhsil proqramı UEFA Akademiyası və İsveçrədəki Lozanna Universiteti tərəfindən birgə təşkil edilir və "UEFA Diploma in Football and Leadership Management" adlanır. Proqram yanvarda başlamışdı və avqustda bitdi. Proqram çərçivəsində həm onlayn modullar, həm də üzbəüz görüşlər oldu. Layihə federasiyalarda, klublarda və digər idman qurumlarında çalışan rəhbər şəxslər üçün nəzərdə tutulub. Layihənin hazırlanması ilə bağlı təlimlərimiz var idi. Hər bir təşkilat, iştirakçı öz layihəsini təqdim edirdi. Proqram iştirakçının təmsil etdiyi təşkilatın strateji məqsədlərinə uyğun olmalıdır. Mən də belə bir layihə ilə çıxış etdim. Detalları deyə bilməyəcəm, amma AFFA-nın strategiyasında əks olunan layihələrdən idi. Proqramda müxtəlif ölkələrdən 24 iştirakçı var idi. Ən yüksək bal toplayan 4 nəfərdən biri mən oldum".

Məmmədov proqramın çox faydalı olduğunu vurğulayıb: "Müəllimlər həqiqətən də dünya şöhrətli mütəxəssislər idi. İlk modul layihənin konseptualizasiyası ilə bağlı idi. Daha sonra onun planlıaşdırılması və təqdimatı həyata keçirilirdi. Üçüncü modul danışıqlara aid idi. Bizə öz layihələrimizi təqdim edəndə maraqlı tərəflər və digər təşkilatlarla danışıqların necə aparılmalı olduğunu izah edirdilər. Dördüncü isə icra zamanı liderlik keyfiyyətləri ilə bağlı idi. Layihəni də məhz bu dörd modul üzərindən yazmışam, hazırlamışam və uğurla müdafiə etmişəm. Çox faydalı bir proqramdır. Yüksək bal topladığım üçün çox məmnun qaldım. Ümid edirəm ki, üzərində çalışdığım layihə AFFA üçün xeyirli olacaq və biz bunu növbəti illərdə uğurla icra edə biləcəyik".

İdman.biz