Alfons Msanqa “Şamaxı”nı hazır sayır: “İlk oyun çox önəmlidir” - MÜSAHİBƏ

Müsahibə
15 Avqust 2025 11:59
31
Alfons Msanqa “Şamaxı”nı hazır sayır: “İlk oyun çox önəmlidir” - MÜSAHİBƏ

“Şamaxı”nın tanzaniyalı yarımmüdafiəçisi Alfons Msanqanın futbolinfo.az saytına müsahibəsi

– Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümü start götürür. “Şamaxı” yeni sezona tam hazırdır? Yay hazırlıq prosesini səmərəli keçə bildinizmi?

– Bəli, biz hazırıq. Yeni mövsümə əla hazırlaşmışıq. Yoxlama matçlarımızın nəticələrindən də göründüyü kimi, yaxşı hazırlıq prosesi keçmişik. Əminliklə deyə bilərəm ki, bizim güclü komandamız var.

– İlk turda “Neftçi”nin qonağı olacaqsınız. Şansları necə dəyərləndirirsiniz? Liqaya qələbə ilə başlaya biləcəksiniz?

– “Neftçi”yə hörmətlə yanaşıram, yaxşı klubdur, onlar da yeni mövsümə yaxşı hazırlaşıblar. Amma bizim üçün ilk oyun çox önəmlidir. Çünki bu oyun haraya doğru istiqamət alacağımızı müəyyən edəcək. Çempionata yaxşı başlamaq lazımdır. Tam olaraq “Neftçi” ilə görüşə fokuslanmışıq və bu rəqabətə hazırıq.

– Bu yay “Şamaxı”dan çoxlu futbolçu ayrıldı, əvəzində xeyli yeni transfer edildi. Heyətdəki dəyişikliklər komandanıza necə təsir edib? “Şamaxı” ötən mövsümlə müqayisədə güclənib, ya zəifləyib?

– Yaxşı heyətimiz var. Məşqçilər korpusu yeni transferlər məsələsində əla seçimlər ediblər. Mövsümlərarası hazırlıq prosesinə başlayandan bəri hər gün bir yerdə olmuşuq və bir-birimizi, necə oynadığımızı daha yaxından tanımışıq. Buna görə də deyə bilərəm ki, “Şamaxı” indi daha güclüdür və mövsümə tam hazırdır.

– Yeni mövsümdə komandanızın məqsədi nə olacaq? Neçənci yerlər uğrunda oynamağa gücünüz çatar?

– Əlbəttə, hər dəfə yeni mövsümə başlayanda komandanın hədəfi olur. Bu sezon əsas məqsədimiz ötən mövsümlə müqayisədə daha yaxşı çıxış etməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik.

– Brahim Konate və Leroy Mikels kimi futbolçuların gedişindən sonra komandanın əsas liderlərindən biri siz olacaqsınız. Bu missiyanı daşıya biləcəksiniz?

– Əlbəttə, daşıya biləcəyəm. Bildiyiniz kimi, Mikels və Konate ötən mövsümü yaxşı keçirdilər. Onlar keyfiyyətli və əla oyunçulardır. Mənim üçün isə bu mövsüm özümü göstərmək mövsümüdür. Artıq Azərbaycan Premyer Liqasında təcrübəm var, ona görə də yaxşı sezon keçirməyə və komandama xallar qazanmaqda yardımçı olmağa hazıram.

– Komandanızda xeyli gənc yerli futbolçu var. Öz təcrübənizi, bildiklərinizi məşqlərdə onlarla paylaşırsınız?

– Bəli, onlarla danışmışam. Hər biri keyfiyyətli və yaxşı oyunçudur. Gördüyüm qədərilə qələbələr qazanmaq və yaxşı mövsüm keçirmək istəkləri var. Rəqabətə tam hazırdırlar və mən onlara görə də sevinirəm.

İdman.biz