“Kəpəz”in sabiq kapitanı: "Azərbaycandan heç kim mənimlə əlaqə saxlamayıb"

Xəbərlər
12 İyul 2025 19:07
37
“Kəpəz”in sabiq kapitanı: "Azərbaycandan heç kim mənimlə əlaqə saxlamayıb"

“Kəpəz”in sabiq kapitanı Yeqor Xvalkonun futbolinfo.az saytına müsahibə verib.

İdman.biz xəbər verir ki, belaruslu müdafiəçi yenidən Azərbaycanda oynamağın əleyhinə deyil.

– 3 il formasını geyindiyiniz “Kəpəz”lə yollarınızın ayrılması gözlənilməz oldu…

– Klub mənimlə əməkdaşlığı davam etdirmək istəmədi. Səbəbini bilmirəm. Aramızda yeni müqavilə ilə bağlı danışıqlar olmadı, beləcə yollarımız ayrıldı.

– Karyeranızı harada davam etdirməyi planlaşdırırsınız? Yeni klubunuzun adı nə vaxt məlum olacaq?

– Harada oynayacağımı hələ bilmirəm. Buna konkret təklif aldığım zaman aydınlıq gələcək. Açığı, maraqlananlar çoxdur, ancaq konkret təklif hələ yoxdur.

– Sizi heyətində görmək istəyən Azərbaycan klubları varmı? Azərbaycanda qalmaq istərdiniz?

– Azərbaycandan heç kim mənimlə əlaqə saxlamayıb. Əlbəttə, təklif olsa, qalmaq istərəm. Azərbaycanı çox sevdim.

– Adil Şükürov sizə tanış simadır, artıq onun rəhbərliyi altında oynamısınız. Azər Bağırovun gedişi və Şükürovun “Kəpəz”ə qayıdışı sizin üçün gözlənilməz olmadı ki?

– Yox, bu, gözlənilməz olmadı. Azər Bağırovun gedəcəyini mövsümün son oyunundan əvvəl bilirdik.

– Gələn mövsümdə gəncəli azarkeşlər daha iddialı “Kəpəz” görmək istəyirlər. Qarşıdakı mövsümdə sabiq komandanızdan gözləntiniz nədir?

– “Kəpəz”dən ayrılsam da, sabiq komandama azarkeşlik edəcəyəm. Onlara uğurlar arzulayıram. Ümid edirəm ki, komanda qarşıya qoyulan tapşırığı yerinə yetirə biləcək.

– “Kəpəz” sizinlə yanaşı, son mövsümdəki heyətin əksər üzvləri ilə də yollarını ayırdı. Hazırda Adil Şükürov yeni komanda formalaşdırmaqdadır. Sizcə, heyətdəki bu qədər dəyişiklik “Kəpəz”ə necə təsir edəcək?

– Bilmirəm, “Kəpəz”də olduğum müddətdə də hər il heyət tamamən dəyişirdi. Əgər dərhal rəqabətə davamlı heyət qurulsa, düşünürəm ki, komanda turnir cədvəlinin orta yerləri uğrunda mübarizə apara bilər.

– Ümumilikdə Azərbaycandakı 3 illik karyeranızı necə qiymətləndirirsiniz?

– Mənim üçün möhtəşəm dövr idi. Futbolçu kimi inkişaf etdim, istənilən təzyiqə dözməyi öyrəndim. Bu, müsbət təcrübə oldu.

İdman.biz