Ceyhun Sultanov: "Sabah"ın oyunçuları müdafiə planında diqqətsiz oynadılar"

Xəbərlər
11 İyul 2025 14:25
35
Ceyhun Sultanov: "Sabah"ın oyunçuları müdafiə planında diqqətsiz oynadılar"

"Sabah"ın oyunçuları Sloveniyanın "Selye" komandasına uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında müdafiə planında diqqətsiz oynayıblar.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov açıqlama verib.

46 yaşlı keçmiş yarımmüdafiəçi Bakı təmsilçisinin müsbət və mənfi cəhətlərindən söz açıb: "İlk oyun olduğuna görə komandalar təlim-məşq toplanışından sonra yavaş-yavaş formalarını bərpa edirlər. "Sabah"ın üstün tərəfi sürətli hücumlardır. Amma müdafiə planında diqqətsiz oynadılar. Düşünürəm ki, iki mərkəz müdafiəçisinin səhvləri daha qabarıq göründü. Qolların ikisində futbolçuların xətti düzgün qurmamaları rol oynadı. Məncə, müdafiə planında yaxşı oynasalar, hücumda problemləri olmayacaq".

Sultanov rəqibin növbəti mərhələyə adlamaq şanslarının artdığını söyləyib: "Sabah" uduzmasaydı, daha şanslı olardı. Son dəqiqələrdə buraxılan qol rəqibin növbəti mərhələyə vəsiqə qazanmaq ehtimalını yüksəltdi. Futboldur, belə hallar olur. Bəlkə cavab qarşılaşmasında daha fərqli oyun sərgiləyəcəklər. İndidən nəsə demək olmur. Amma ümumilikdə "Sabah" pis komanda deyil. Müdafiədə və orta xəttdə bir az güclənməyə ehtiyac var. Bunlar olsa, avrokuboklarda daha yaxşı çıxış edə bilərlər".

Qeyd edək ki, "Sabah" rəqibinə 2:3 hesabı ilə uduzub. Cavab görüşü iyulun 17-də Sloveniyada baş tutacaq.

İdman.biz