"Təklif Kənan Kərimovun özündən gəldi. Mən onunla birlikdə "Qəbələ"də futbol oynamışam. 2013-cü ildə isə "Karvan"da futbolçu olduğum dönəmdə baş məşqçim olub. Onun xarakterinə bələdəm. Təklifə də məmnuniyyətlə razılaşdım".
İdman.biz xəbər verir ki, bu sözləri Sportal.az saytına açıqlamasında "Karvan"a yeni baş məşqçi təyin edilmiş Azər Həşimov deyib.
O, Yevlax təmsilçisində işlərinin uğurlu alınacağına inandığını deyib: "Düşünürəm ki, Kənan müəllimlə işbirliyimiz yaxşı alınacaq. "Karvan" adı üçün bütün bacarığımızı ortaya qoyacağıq. Təbii ki, komandada legionerlər də olacaq. Lakin hələ bu haqda danışmaq istəməzdim. Rəsmi müqavilələr olduqdan sonra adlar da açıqlanacaq".
Gənc mütəxəssis "Karvan"ın 2025/2026 mövsümündə Misli Premyer Liqasında hədəflərindən də bəhs edib: "Yeni mövsüm Premyer Liqa çətin və maraqlı alınacaq. Düşünürəm ki, Yevlaxdakı futbolsevərlər bizim gücümüzə güc qatıb. Bir ailə kimi birləşib, işimizin öhdəsindən layiqincə gəlməyə çalışacağıq".
Qeyd edək ki, "Karvan"ı Premyer Liqaya yüksəltmiş Kənan Kərimov klubda idman direktoru kimi fəaliyyət göstərəcək. Lakin Kərimov qeyri-rəsmi baş məşqçi olacaq, Həşimov isə ona kömək edəcək. Buna səbəb isə Kərimovun baş məşqçi postunda yer almaq üçün lazımı kateqoriyasının olmamasıdır.
İdman.biz