Ağasəlim Mircavadov: "U-20 dünya çempionatı ölkəmizdə keçirilsə, şad olaram"

Xəbərlər
7 İyul 2025 14:15
31
Ağasəlim Mircavadov: "U-20 dünya çempionatı ölkəmizdə keçirilsə, şad olaram"

"Azərbaycanda MDB Oyunlarına görə idman qurğularını tez ərsəyə gətirdilər. Buna Gəncədəki stadionu misal göstərmək olar. Sentyabrədək hazır olacaq. Bundan başqa da arenalar tikilə bilər. U-20 dünya çempionatı ölkəmizdə keçirilsə, şad olaram".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.

Məşqçilər Komitəsinin üzvü Azərbaycan və Özbəkistanın FIFA U-20 2027 dünya çempionatının keçirilməsi üçün birgə namizədliklərini irəli sürməsini müsbət qiymətləndirib: "Azərbaycanda nə yarışlar keçirilibsə, yüksək səviyyədə təşkil olunub. Məsələn, U-17 Avropa çempionatı Bakıda keçirilmişdi. Portuqaliya, Almaniya, İspaniya kimi yığmalar təşrif buyurmuşdu. Ümumiyyətlə, Azərbaycan hər bir yarışa ciddi yanaşır. U-20 dünya çempionatının ölkəmizdə keçirilməsi xeyrimizədir. Bildiyiniz kimi, həmin yarışda qazonlar mütləq təbii olmalıdı. Bu, çox yaxşı haldır. Yadımdadır ki, Bakıda Avropa Liqasının final matçı da baş tutmuşdu. Məncə, biz bunu bacarırıq. Özbəkistanı deyə bilmərəm, maraqlanmışam, Azərbaycan isə digər idman növləri də daxil olmaqla, hansı yarışa ev sahibliyi edibsə, hər şey yüksək səviyyədə olub. Bunu həm FİFA, həm də UEFA bilir".

Qeyd edək ki, FIFA 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatına ev sahibliyi etmək üçün namizədliklərin dəyərləndirməsinə başlayıb.

İdman.biz