Fernandu Santuşdan Dioqo Jotanın ölümünə MÜNASİBƏT

Xəbərlər
4 İyul 2025 10:22
62
Fernandu Santuşdan Dioqo Jotanın ölümünə MÜNASİBƏT

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Portuqaliya yığmasının və İngiltərənin "Liverpul" klubunun futbolçusu Dioqo Jotanın ölümünə münasibət bildirib.

İdman.biz xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə "A BOLA" portalına açıqlama verib.

Santuş Jotanı ilk növbədə ləyaqətli insan kimi xatırladığını bildirib: "Jota dünyanın ən yaxşılarından olan Kriştiano Ronaldonun kölgəsində qaldı, lakin o, həmişə milli komandada öz yerini tapdı. Xəbəri eşidəndə şokda idim. O, 22 yaşında mənim rəhbərliyim altında debüt edib. Mən indi yalnız onun üçün çox dua edə bilərəm. Onun ailəsi haqqında düşünürəm".

Portuqaliya millisinin sabiq baş məşqçisi “böyük futbolçu” adlandırdığı Dioqonu hər şeydən əvvəl “əla insan” kimi xarakterizə edib: "Belə vaxtlarda futbolçu haqqında danışmaq çətindir. Zədəli olduğu üçün Qətərdə keçirilən dünya çempionatına gedə bilməmişdi. “Liverpul”un heyətində zədələnmişdi. Həmin vaxt ona gedib baş çəkmişdim. Zədəli olmasına baxmayaraq, Qətərdə bizi görməyə gəlmişdi. Təlim-məşq toplanışlarını izləyirdi. O, həmişə öz yerini bilən, ləyaqətli insan idi. Təəssüf ki, Jota artıq həyatda yoxdur".

Qeyd edək ki, Dioqo Jota ötən gün İspaniyada baş verən avtomobil qəzasında 28 yaşında həlak olub. Onunla birlikdə avtomobildə olan 26 yaşlı qardaşı Andre də həyatını itirib.

İdman.biz