Elnur Məmmədov: “Belə görüşlər gənclər və uşaqlar üçün hədiyyədir”

Xəbərlər
25 İyun 2025 17:23
58
Elnur Məmmədov: “Belə görüşlər gənclər və uşaqlar üçün hədiyyədir”

"2024-cü ilin yekunları ilə bağlı Prezident İlham Əliyevlə görüşdə idman ictimaiyyətinə çağırış edildi. Görkəmli idmançıların işğaldan azad olunmuş bölgələrə səfər etməsi istənildi. Həmin vaxt 10 mindən çox insan bu bölgəyə köçürülmüşdü, onlar üçün şərait yaradılmışdı. Belə görüşlər, xüsusilə də, gənclər və uşaqlar üçün hədiyyədir”.

İdman.biz xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov “Qarabağ” klubunun futbolçuları, məşqçi heyəti və rəsmilərinin işğaldan azad olunmuş bölgələrdə yerli sakinlərlə görüşü zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ağdam klubunun səfəri sakinlər üçün çox sevindirici olub: “Cənab Prezidentin çağırışı “Qarabağ” tərəfindən dəstəkləndi. Gənclər və İdman Nazirliyi ilə birlikdə Qarabağ bölgəsinə səfər təşkil olundu. Şuşada, Xankəndidə, Ağdamda görüşlərimiz oldu. Komanda ilə birlikdə təməli cənab Prezident tərəfindən qoyulan “İmarət” stadionunda olduq. Sakinlərə sevinc və xoşbəxtlik bəxş etdik. Bunun üçün "Qarabağ" klubunun rəhbərliyinə, baş məşqçi Qurban Qurbanova, futbolçulara və məşqçilərinə təşəkkür edirik. Belə səfərlər digər federasiyalar, idman növləri üçün də mütəmadi olacaq və davam edəcək. “Qarabağ” ilk futbol klubu kimi bu təşəbbüslə çıxış etdi. İşğaldan azad olunmuş ərazilərimizdə həmişə tədbirlər, beynəlxalq yarışlar da keçirilir. Qarabağ Universitetində mədəniyyət fakültəsinin müəllimlərini birgə dinlədik. Bu, “Qarabağ” mahnısının sədaları altında çox xoş oldu. Həmrəylik göstərdik. Bu sevinci bizə bəxş edən cənab Prezidentimizə təşəkkür edir, şəhidlərimiz qarşısında baş əyir, qazilərimizə can sağlığı arzulayırıq”.

İdman.biz