"Çelsi" "Benfika", "Flamenqo" "Bavariya" ilə qarşılaşacaq

Xəbərlər
25 İyun 2025 10:25
38
"Çelsi" "Benfika", "Flamenqo" "Bavariya" ilə qarşılaşacaq

ABŞ-də keçirilən 2025-ci il FIFA klubların dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, ilkin mərhələdə mübarizə hərəsində dörd iştirakçı olmaqla 8 qrupda gedir.

Bu gün Bakı vaxtilə səhər D qrupunda sonuncu qarşılaşmalar keçirilib.

"Çelsi" çətinlik çəkmədən "Esperans"a qalib gəlib (3:0), "Los Anceles" - "Flamenqo" oyunu isə son dəqiqələrdə vurulan iki qolla heç-heçə bitib (1:1).

Beləliklə, 7 xalla birinci olan "Flamenqo" və 6 xalla ikinci yeri tutan "Çelsi" növbəti mərhələyə yüksəliblər.

1/8 finalda "Çelsi" "Benfika" ilə, "Flamenqo" isə "Bavariya" ilə qarşılaşacaq.

Bu gün F qrupunda da mübarizə başa çatacaq. Hesabında 4 xal olan "Borussiya Dortmund" xalsız autsayder "Ulsan"la qarşılaşacaq. "Mamelodi Sandauns" və "Fluminense" komandalarının görüşündə isə 1/8 finala vəsiqə uğrunda gərgin mübarizə gedəcək. Cənubi Afrika təmsilçisinin 3, Braziliya klubunun isə 4 xalı var.

Qeyd edək ki, qarşılaşmalar Bakı vaxtilə saat 23:00-da başlayacaq.

İdman.biz