Qanalı futbolçu: "Azərbaycanda futbol oynamaq zövq verir"

Xəbərlər
14 İyun 2025 12:07
83
Qanalı futbolçu: "Azərbaycanda futbol oynamaq zövq verir"

"Həyatımın ən qürurlu anlarından biri idi".

Bunu İdman.biz-ə Azərbaycan I Liqasında mayın ən yaxşı qolu mükafatına layiq görülən "Karvan"ın sabiq futbolçusu Ezekiel Morqan deyib.

Qanalı oyunçu bildirib ki, ayın ən gözəl qoluna imza atmaq onun üçün həyəcanlı an olub: "Qolu vurduğum zaman çox sevinmişdim. Azarkeşlərin alqışları, komanda yoldaşlarımın dəstəyi xoş idi. Bu hadisə mənim uğurlu gələcəyim üçün yeni bir mərhələ, yüksək səviyyədə çıxış etməyim üçün əla stimuldur".

23 yaşlı yarımmüdafiəçi Azərbaycana heyran olduğunu da gizlətməyib: "Ölkəniz mədəniyyət və müasirliyin rəngarəng vəhdətidir. İnsanlar qonaqpərvərdir. Çılğın futbol azarkeşləri var. Burda yaşamaqdan və futbol oynamaqdan zövq alıram. Azərbaycan mətbəxindən pitini çox sevirəm".

Bir müddət öncə Yevlax təmsilçisindən ayrılan Morqan karyerasını ölkəmizdə davam etdirmək ehtimalının yüksək olduğunu açıqlayıb: " Azərbaycan Premyer Liqasından bir klubla menecerim arasında danışıqlar gedir. Yaxın günlərdə yekun qərar veriləcək. Hazırda nəticəni gözləyirəm".

Qeyd edək ki, Ezekiel daha öncə "İmişli"nin də formasını geyinib.

Murad Abdullazadə
İdman.biz