Klublararası dünya çempionatında hakimlər videokamera taxacaqlar

Xəbərlər
7 İyun 2025 11:55
55
Klublararası dünya çempionatında hakimlər videokamera taxacaqlar

FIFA 2025-ci ildə keçiriləcək klublararasın dünya çempionatı zamanı tətbiq olunacaq bir sıra yeniliklər barədə məlumat verib.

İdman.biz xəbər verir ki, turnir ABŞ-da keçiriləcək və iyunun 14-də start götürəcək.

Mundial zamanı hakimlər bədənlərinə matçın gedişatını qeydə alan videokameralar taxacaqlar. Çəkilən material turnirin rəsmi yayımçısının ixtiyarına veriləcək və canlı yayımlarda istifadə olunacaq. Əgər hakimlərin baxış bucağından əldə edilən görüntülər uğurlu alınarsa, bu yenilik bütün böyük beynəlxalq turnirlərdə tətbiq olunacaq.

Bundan əlavə, azarkeşlər stadionun monitorlarında hakimin meydanda epizodu izlədiyi anda nə gördüyünü canlı olaraq izləyə biləcəklər. Bu görüntülər nəhəng ekranlarda birbaşa yayımlanacaq, bu da azarkeşlərə qərarların necə qəbul edildiyini başa düşməyi asanlaşdıracaq və hakim fəaliyyətinin şəffaflığını artıracaq.

Əvvəllər bildirildiyi kimi, həmçinin, aşkar ofsayd vəziyyətlərində yan xətt hakimlərinə səsli siqnallar göndərən müasir yarı-avtomatik ofsayd texnologiyası da tətbiq ediləcək.

Digər bir yenilik isə əvəzetmələr üçün planşetlərdən istifadə olunacağıdr. Bu planşetlər ənənəvi kağız sənədləri və məlumatların əl ilə ötürülməsini əvəz edəcək. Oyundan əvvəl hər komandaya əvəzetmə sorğularını rəqəmsal formatda idarə etmək üçün planşet təqdim olunacaq ki, bu da əvəzetmə prosesini asanlaşdırmalı və sürətləndirməlidir.

İdman.biz