"Bizim üçün vacib oyundur".
İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunda "Sabah"la final matçı öncəsi mətbuat konfransında deyib.
O bildirib ki, həlledici oyunlar bütün azarkeşləri bir yerə yığır, bayrama çevrilir: “Bu oyunda komanda azarkeşlərindən savayı neytral tərəflər olacaq. Kubok oyunu əlavə prestijdir. Baxmayaraq ki, çempionluğu təmin etmişik, yenə də yaxşı oyun nümayiş etdirmək istəyirik. Qarşımızda təşkilatlanmış, yaxşı komanda var. "Sabah" çempionatda hazırda beşinci yerdədir ancaq fikrimcə komanda daha yüksək yerə layiqdir".
- Vasili Berezutski gələndən sonra "Sabah"a qalib gələ bilməmisiniz. Əsasən hansı yöndə çətinlik çəkirsiz?
- “Sabah” bizə qarşı oyunlarda müdafiədə çox diqqətli davranır. İndividual keyfiyyətli oyunçuları bizə problemlər yaşadır. Bu gün liderik. Həmişə bütün komandalar liderə qarşı daha istəkli olurlar. Özümüz də bu yoldan keçmişik. Əvvəllər liderlərə qarşı, indi isə avrokuboklarda daha böyük komandaya qarşı oynadığımız zaman motivasiyamız daha çox olur.
- Final matçının keçiriləcəyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ilə bağlı nə düşünürsünüz?
- Fikirlərim pozitivdir. Həm azarkeş olaraq, həm də bölgə olaraq, yaxşıdır. Sumqayıtda həmişə futbola böyük maraq olub. Bunu öz oyunlarımızda həmişə görmüşük.
- Final matçında penaltilərə hazırlaşmısınız?
- Çox ciddi yox. Özləri bilmədən də məşqlərdə şərait yaradıram ki, futbolçular bir-iki penalti yerinə yetirsin.
Qeyd edək ki, final mayın 31-də keçiriləcək.
Aytac Sahədə
İdman.biz