“Sumqayıt”ın prezidenti Riad Rəfiyevin Futbolxeber.az saytına müsahibəsi
- Komandanız çempionatın son turunda “Səbail” üzərində 4:1 hesablı qələbə qazandı. Yekunlaşan mövsümü “Sumqayıt” üçün necə dəyərləndirirsiniz?
- “Sumqayıt” üçün bərbad mövsüm oldu. Bunu açıq deməliyik. Mövsümü klubumuza yaraşmayan yerdə bitirəcəyik. Fərqi yoxdur, 8-ci yer olsun, yaxud 9. Mövsümün əvvəlində məqsədlərimiz tam başqa idi. Ona görə inşallah, növbəti mövsüm qat-qat uğurlu olar.
- Nə çatışmadı?
- Səbəblər çox oldu. Bunları biz bilirik. İndi bu barədə ətraflı danışmaq istəməzdim. İnşallah, növbəti mövsüm o səhvlərdən uzaq olacağıq.
- Mövsümün əvvəlində planlaşdırılmamış baş məşqçi dəyişikliyinin uğursuzluqda nə dərəcədə təsiri oldu?
- Əlbəttə, bu amilin böyük təsiri oldu.
- Baş məşqçi təyinatı ilə bağlı nə yenilik var?
- Hazırda heç bir yenilik yoxdur. Heç yerə tələsmirik. Növbəti mövsümə xeyli vaxt var. Tələsəcəyimiz yer yoxdur.
- Lakin gecikmək də olmaz...
- Xeyr, gecikməyəcəyik. Vaxt var hələ. Yaxın zamanlarda baş məşqçi məsələsi ilə bağlı rəsmi açıqlama olacaq.
- Yerli, yoxsa əcnəbi?
- Hər ikisi ola bilər.
- Faiz nisbətində götürsək, “Sumqayıt”ın heyəti yeni mövsümdə nə dərəcədə dəyişəcək?
- Faizlə deyə bilmərəm, amma əlbəttə, dəyişiklik olacaq. Birmənalı şəkildə.
- Müqaviləsi bitən aparıcı futbolçularla artıq danışıqlara start verilib, yoxsa yeni baş məşqçi təyinatını gözləyirsiniz?
- Elə futbolçular var ki, onlarla müqaviləni uzatmaq üçün təyinatı gözləməyə ehtiyac yoxdur. Bunu açıq deməliyik. Komandada getməsini də, qalmasını da istəyidimiz oyunçular var.
- Qalmaq istədikləriniz arasında razılaşdığınız oyunçular var?
- Razılaşdığımız da var, danışıq apardığımız da, ümumiyyətlə danışmadığımız da. Hansılar ki, bu mövsümü çox zəif keçiriblər. Onlar komandada qalmayacaqlar.
- Soruşsaq, yəqin ki, ad açıqlamayacaqsınız...
- Ad açıqlamağım düzgün olmaz.
- Mütəmadi olaraq “Sumqayıt”ın bəzi futbolçularının adı digər klublarla hallanır. Ümumiyyətlə, son zamanlar hansısa futbolçuya görə rəsmi təklif almısınız?
- Bəli, olub. Amma ad çəkmək istəməzdim hansı klub və hansı futbolçu idi.
- Nəticəsi?
- Razılaşmamışıq.
- AFFA-nın dövlətin hər bir kluba ayırdığı 3 milyon manatdan yarım milyon kəsəcəyi deyilir. Buna münasibətiniz necədir?
- Belə söz-söhbətlər var, eşidirik. Lakin bu ana qədər bu barədə AFFA-dan hər hansı rəsmi məlumat verilməyib. Əgər həqiqətən də, bu baş verəcəksə, bizim üçün də çox böyük zərbə olacaq. İstəməzdik ki, belə olsun. Ümid edirik ki, məbləğ başa çatan mövsümdə olduğu kimi qalar.
İdman.biz