Mbappenin zarafatı “Real Madrid”ə baha başa gəlir - Çində oyunun yayımı ləğv edildi

29 Oktyabr 2026 19:43
74
Mbappenin zarafatı “Real Madrid”ə baha başa gəlir - Çində oyunun yayımı ləğv edildi

“Real Madrid”in futbolçusu Kilian Mbappenin Çinin keçmiş lideri Mao Tszedun haqqında zarafatı Madrid klubuna qarşı yeni məhdudiyyətə səbəb olub.

İdman.Biz RMC Sport-a istinadən xəbər verir ki, Çində La Liqa matçlarını yayımlayan “Migu” platforması noyabrın 1-də keçiriləcək “Rasinq” - “Real Madrid” qarşılaşmasını yayım proqramından çıxarıb.

Təxminən 400 milyon istifadəçisi olan platforma həftəsonu La Liqanın digər oyunlarını yayımlamağı planlaşdırır. Bununla yanaşı, “Real Madrid”lə bağlı materialların demək olar ki, hamısı platformadan silinib. Yalnız klubun Mbappenin zarafatına görə üzr istəməsi haqqında video saxlanılıb.

Qalmaqala fransalı hücumçunun internetdə yayılan zarafat xarakterli şəkil barədə danışması səbəb olub. Həmin şəkildə Mbappenin üzü Mao Tszedunun təsviri ilə birləşdirilib. Futbolçunun bunu zarafatla şərh etməsi Çində narazılıq doğurub.

Mbappe sonradan üzr istəsə də, gərginlik aradan qalxmayıb. “Real Madrid” də Çin xalqına müraciət edərək baş verənlərə görə təəssüfləndiyini bildirib.

Buna baxmayaraq, Çin tərəfinin məhdudiyyətləri davam edir. Ölkənin dövlət yayım qrupu daha əvvəl La Liqa oyunlarının nümayişini dayandırıb.

Qeyd edək ki, “Rasinq” - “Real Madrid” qarşılaşması noyabrın 1-də La Liqanın 11-ci turu çərçivəsində keçiriləcək.

İdman.Biz