“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik vəzifəsində saxlanılması ilə bağlı qərara münasibət bildirib.
İdman.Biz xəbər verir ki, ingiltərəli mütəxəssis klub rəhbərliyindən gələcəyi ilə bağlı heç bir təminat istəmədiyini və işini davam etdirməyə hazır olduğunu söyləyib.
“Heç kimdən heç bir təminata ehtiyacım yoxdur. Hansı vəziyyətdə olduğumu, üzərimə düşən məsuliyyəti və bunun nə demək olduğunu başa düşürəm. Heç kimdən təminat gözləmirəm”, - deyə Karrik bildirib.
Vəzifəsində qalmasının onun üçün gözlənilməz olub-olmadığı barədə suala isə baş məşqçi belə cavab verib:
“Xeyr, qətiyyən. Mən buradayam ki, işimi görüm və vəziyyəti yaxşılaşdırmaq üçün əlimdən gələni edim. Təəccüblənmirəm”.
Karrik komandanın uğursuz çıxışı fonunda yaranan söz-söhbətlərə də münasibət bildirib:
“Kənarda baş verənləri, demək olar ki, izləmirəm. Yalnız görməli olduğum məsələlərə diqqət yetirirəm. Belə məlumatları axtarmıram, çünki bunun heç bir faydası yoxdur. Mənim üçün azarkeşlərin nə düşündüyü, onlara nə verdiyimiz və meydanda nə göstərdiyimiz vacibdir. Daha yaxşı olmaq üçün nə etməli olduğumuzu bilirəm. Bunu mənə başqasının deməsinə ehtiyac yoxdur”.
Qeyd edək ki, “Mançester Yunayted” rəhbərliyi uğursuz nəticələrdən sonra Karrikin istefasını nəzərdən keçirib. Lakin yayılan məlumatlara görə, klub rəsmiləri onu əvəzləyəcək namizəd barədə razılığa gələ bilməyiblər.
Nəticədə Karrikə komandanın vəziyyətini yaxşılaşdırmaq üçün daha bir şans verilib. O, şənbə günü Premyer Liqada “Çelsi” ilə keçiriləcək səfər matçında “Mançester Yunayted”ə rəhbərlik edəcək.
