2026-cı ilin “Qızıl top” mükafatını qazanan “Bavariya”nın futbolçusu Harri Keyn komanda yoldaşlarına hədiyyələr verməyi planlaşdırır.
İdman.Biz "Bild" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu həm Münhen klubunda, həm də İngiltərə millisində onun uğur qazanmasına kömək edən oyunçulara təşəkkür etmək istəyir.
“Bəzi uşaqlar məndən saat və ya buna bənzər hədiyyələr istəyiblər. Ona görə həm “Bavariya”dakı, həm də İngiltərə millisindəki komanda yoldaşlarım üçün xoş bir şey düşünməliyəm. Bu barədə fikirləşəcəyəm və hər kəsin yaxşı hədiyyə almasına çalışacağam”, - deyə Keyn bildirib.
İngiltərəli hücumçu karyerasında ilk dəfə “Qızıl top” mükafatına sahib olub. O, səsvermədə Kilian Mbappe və Lamin Yamalı qabaqlayıb.
Keyn 2025/2026 mövsümündə “Bavariya” ilə Bundesliqa, Almaniya Kuboku və Superkubokun qalibi olub. İngiltərə millisinin heyətində isə 2026-cı il dünya çempionatının bürünc medalını qazanıb.
Hücumçu 2025-ci ilin avqustundan 2026-cı ilin iyuluna qədər klub və milli komanda səviyyəsində keçirdiyi 65 oyunda 73 qol vurub.
