“Liverpul”un futbolçusu Kodi Qakpo İngiltərə Liqa Kubokunun 1/8 finalında “Çelsi” üzərində qazanılan qələbədən (1:1, penaltilərlə 6:5) sonra penalti yerinə yetirmə üsulundan danışıb.
İdman.Biz xəbər verir ki, niderlandlı futbolçu 11 metrlik zərbələr zamanı əsas üstünlüyünün əvvəlcədən verdiyi qərara inam olduğunu bildirib.
“Hər futbolçunun öz yanaşması var. Mənim üsulum sadədir: əvvəlcədən qapının hansı küncünə vuracağımı seçirəm, sonra isə bütün inamımla topu həmin istiqamətə göndərirəm. Çalışıram ki, zərbəni mümkün qədər dəqiq yerinə yetirim”, - deyə Qakpo vurğulayıb.
Futbolçu penalti vurmaq növbəsinin ona çatmasını da şərh edib:
“Belə bir ssenarinin mümkün olduğunu bilirdik. Məşqçi də bu barədə danışmışdı. Ona görə hamımız penalti məşq etmişdik. Doma (Dominik Soboslai) olmadığına, Makka (Aleksis Mak Allister) isə oynamadığına görə penalti vuranların siyahısında mən də var idim. Hətta ürəyinin dərinliyində penalti olacağına ümid edirsən. Elə də oldu. Bu mövsüm belə imkanlar çox yaranmır. Zərbəni mənim yerinə yetirməyimə sevindim”.
Qakpo “Enfild” stadionundakı azarkeş dəstəyinin komandanın çıxışına təsirini də xüsusi vurğulayıb.
“Tribunaların təsiri bəzən möcüzəvi olur. Yaxşı oynadığımız anlarda azarkeşlər bizi bütün gücləri ilə dəstəkləyirlər. Bu, bizə özümüzün belə xəbərimiz olmayan əlavə enerji verir. Belə dəstəyi çox yüksək qiymətləndiririk”, - deyə futbolçu qeyd edib.
Xatırladaq ki, qarşılaşmanın əsas vaxtında “Çelsi”nin qolunu 40-cı dəqiqədə Morqan Rocers, “Liverpul”un qolunu isə 43-cü dəqiqədə Qakpo vurub. Hər iki qol penaltidən qeydə alınıb. Penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələn “Liverpul” 1/4 finala yüksəlib.
