“Bavariya”nın və İngiltərə millisinin futbolçusu Harri Keyn “Qızıl top” mükafatını qazandıqdan sonra sosial şəbəkədə etdiyi paylaşım ətrafında yaranan müzakirələrə münasibət bildirib.
İdman.Biz MARCA-ya istinadən xəbər verir ki, 33 yaşlı futbolçu paylaşımının “Real Madrid”in hücumçusu Kilian Mbappeyə və “Barselona”nın vingeri Lamin Yamala ünvanlandığı barədə iddiaları təkzib edib.
Keyn mükafatlandırma mərasimindən sonra “Səssizcə çox çalış. Qoy uğurun sənin əvəzinə danışsın” ifadəsini paylaşmışdı. Bəzi futbol azarkeşləri bunu “Qızıl top” uğrunda mübarizədə onun əsas rəqibləri olan Mbappe və Yamala eyham kimi qiymətləndirmişdilər.
İngiltərə millisinin kapitanı isə belə bir niyyətinin olmadığını vurğulayıb:
“Xeyr, qətiyyən belə deyil. Düzünü desəm, bu ifadəni bütün karyeram boyunca sevmişəm. O, mənim kim olduğumu, zəhmətə, intizama və fədakarlığa necə yanaşdığımı əks etdirir. Dəfələrlə təkbaşına məşq etməli olmuşam. Gördüyüm işlərin böyük hissəsi insanların gözündən uzaqda baş verir. Düşünürəm ki, bu, çox gözəl ifadədir və bir çox oğlan və qız üçün faydalı ola bilər”.
Qeyd edək ki, Londonda keçirilən “Qızıl top” mərasimində Harri Keyn qalib olub. Səsvermədə Kilian Mbappe ikinci, Lamin Yamal isə üçüncü yeri tutub.
