Minifutbol üzrə Türkiyə millisinin baş məşqçisi Durul Tuğ Bakıda keçirilən dünya çempionatının təşkilatçılığını yüksək qiymətləndirib.
İdman.biz xəbər verir ki, mütəxəssis bunu "Report"a açıqlamasında deyib.
"Burada möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir. Bir çox turnirlərdə iştirak etmişik. Sizin ölkənizdəki tamam fərqlidir. Azərbaycan xalqından daha çox dəstək istəyirik. Oteldə, küçədə və başqa yerlərdə özümüzü Türkiyədəki kimi hiss edirik. Bunun üçün təşəkkür edirəm. Amma tribunalarda da bunu görmək istəyirəm. Dəstəyiniz bizim üçün önəmlidir", - deyə D.Tuğ bildirib.
O, Macarıstanla heç-heçə (1:1) etdikləri C qrupunun ilk oyunu ilə bağlı fikirlərini bölüşüb: "Türkiyə yığması bu dəfə yarışa fərqli heyətlə gəlib. Artıq bu yarışlara daha ciddi yanaşırıq. Yaxşı işlər görmək istəyirik. Bunu ilk qarşılaşmada gördük. Macarıstan çox yaxşı rəqibdir. Bu bərabərlik önəmli idi. Türkiyə minifutbolu üçün dəyərli heç-heçədir".
Mütəxəssis turnirdəki hədəflərindən də söz açıb: "İndiyədək dünya çempionatında qrupdan çıxa bilməmişik. Addım-addım irəli getmək niyyətindəyik. İlk olaraq qrupdan çıxmağı hədəfləmişik".
İdman.biz